“Bayer”dən Andre Şürrle açıqlaması
07.05.2013 - 03:23
“Bayer”dən Andre Şürrle açıqlaması
“Çelsi”nin uzun müddətdir gündəmində olan Leverkuzen “Bayer”inin futbolçusu Andre Şürrle ilə bağlı klubundan ilk açıqlama gəlib. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisinin meneceri Volfqanq Holzhauser yerli mətbuata 22 yaşlı oyunçunun “zadəganlar”la razılıq əldə edə biləcəyini bildirib.

O, ingilis klubundan Şürrle üçün təklif aldıqlarını təsdiqləyib. Lakin hələ ki anlaşma olmadığını və danışıqların davam etdiyini ifadə edib: “Andre “Çelsi” ilə sözlü müqavilə imzalamış ola bilər. Onun London təmsilçisinə gedib-getməyəcəyi tamamilə bizə bağlıdır. Onlardan rəsmi bir təklif aldıq və hələ ki fikirləşirik. Amma sadəcə, verilən məbləğ önəmli deyil. Hazırda əlimizdə olmayan alternativə də sahib olmalıyıq”.

Qeyd edək ki, Andre Şürrle 2011-ci ildən “Bayer”in şərəfini qoruyur. Gənc yarımmüdafiəçi leverkuzenlilərin heyətində 77 oyunda meydana çıxıb və 24 qola imza atıb.