Aleksandr Çertoqanov: Günah məndədi
07.05.2013 - 10:37
Aleksandr Çertoqanov: Günah məndədi
“Qəbələ” klubundan kənarlaşdırılan yığmamızın milliləşdirilən legioneri Aleksandr Çertoqanovun apasport.az saytına müsahibəsi

- “Qəbələ”dən gedişiniz necə baş tutdu?
- Klubla müqaviləm mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. Yəni anlaşma bitdiyi üçün qarşılıqlı razılıqla yollarımızı ayırdıq. Onsuz da “Qəbələ” cari çempionatda yuxarı pillələrə çıxa bilməyəcək və gənc futbolçulara təcrübə toplamaq üçün şans verilir.

- Düşünmürsünüz ki, rəhbərlik sizinlə müqaviləni uzatmamaqda cari mövsümdə intizamsız oyun və 3 qırmızı vərəqə almağınız nəzərə aldı?
- Ola bilsin bu amil rəhbərliyin qərarına təsir göstərib. Ancaq düşünmürəm ki, məhz qırmızı vərəqələrə görə belə oldu. Məsələn, “Neftçi” ilə oyunda 2 sarı vərəqəyə görə meydandan çıxarıldım. Hesab etmirəm ki, qırmızı aldığım epizodda rəqibə bilərəkdən kobudluq, arxadan zərbə vurdum. Sadə oyun epizodu idi.

- Futbolçunun 1 mövsümdə 3 qırmızı vərəqə alması çox deyil?
- Razıyam, çoxdur. Qırmızı vərəqə almışamsa, günah ilk növbədə məndədir.

- 2 il oynadığınız “Qəbələ”də əvvəlki klublarınızdan fərqli, nə mükafat qazandığınız, nə də Avropaya çıxdınız. Bu klub karyeranızda hansı yeri tutur?
- Fikrimcə, “Qəbələ”də müəyyən təcrübə topladım. Komandanın uğurlu çıxışı çox şeydən asılıdır. Tez-tez baş məşqçi dəyişdi, sabit heyət olmadı. Uğursuz çıxış olubsa, hamımız günahkarıq.

- Gələcək karyeranızı necə görürsünüz?
- “Qəbələ”dən təzəcə ayrılmışam. Gələcək karyerama bir qədər sonra baxacağıq.

- Hansısa təkliflər var?
- Hələ yox. Bəzi işlərlə əlaqədar 3-4 gün burdayam. Ondan sonra Ukraynaya istirahətə gedəcəyəm.

- 2004-cü ildən başlayan Azərbaycan karyeranızı bitirməyi düşünürsünüz?
- Artıq 33 yaşım var. Uzun illərdir burada oynayıram. Ona görə də Azərbaycanda məni Ukraynadan yaxşı tanıyırlar. Mən burda olduğumdan, vətənimdə variantlar axtarmamışam.

- Artıq millimizə də çağırılmırsınız. Necə düşünürsünüz, yığma karyeranız artıq başa çatıb?
- Milliyə dəvət baş məşqçidən asılıdır. Fikrimcə, yeni klubla müqavilə imzalasam, normal oynasam, yenidən diqqət mərkəzinə düşərəm.

Mehman SÜLEYMANOV