Elçin Məmmədovdan ŞOK ittiham: Məndə onun diskləri var!
07.05.2013 - 11:10
Elçin Məmmədovdan ŞOK ittiham: Məndə onun diskləri var!
“Şəxsi işlərimin çoxluğu, yeni işimlə əlaqədar Premyer Liqa oyunlarına dəvət olunmamağımı daha öncədən bildirmişəm. Hakimlər Komitəsinə ya aprelin 19-u, ya da 20-si bu barədə ərizə yazmışam. Artıq qeydiyyatdan da keçib. Ancaq hələ ərizəmə cavab verilmədiyi üçün cari mövsüm təyinat alıb-almayacağımı deyə bilmərəm. Gərək rəsmi qərar olsun”. Bu sözləri apasport.az saytına futzal üzrə FİFA referisi Elçin Məmmədov deyib.

Ölkə kubokunun cavab yarımfinal oyunu olan “Xəzər Lənkəran” – “Bakı” matçında baş hakim funksiyasını yerinə yetirən Elçin Məmmədovun rüşvət qalmaqalına görə Premyer Liqadan uzaqlaşdırıldığı deyilir. Ancaq Məmmədov hər dəfə əlində bu haqda Hakimlər Komitəsinin rəsmi sənədi olmadığını əsas gətirərək, danışmaqdan imtina edir.

Bununla belə, yaxın günlərdə bu haqda rəsmi qərar çıxarılacağı gözlənilir. Artıq PFL prezidenti Ramin Musayevin Məmmədovun Premyer Liqaya təyinat almayacağını deməsi, buna sübut kimi göstərilə bilər: “Ramin Musayevin belə fikir deməsinə inanmıram. Çünki onun fikirləri təhrif olunub”.

Digər bir yandan sabiq FİFA referisi İmanxan Sultani də Elçin Məmmədovun hakimlikdən uzaqlaşdırılmasının yaxşı hal olduğunu sərt şəkildə bildirib. Sultaninin fikirlərinə Məmmədovun reaksiyası da az sərt olmadı: “İmanxan Sultani maraqlı tərəfdir, “Bakı”da məşqçi işləyir. Onu qınamıram. İmanxanın heç vaxt öz mövqeyi olmayıb. Kim 5 manat artıq pul veribsə, onun da tərəfini saxlayıb. İmanxanın hakimlikdən getməsi hamının gözü qarşısında olub. Məndə onun diskləri var. Lazım olsa, bunu göstərə bilərəm. Hələ onun hakimlikdən getməsinin 10 faizi bilinir. Biz onun əməllərini ictimaiyyətə açıqlasaq, gərək respublikadan başını götürüb qaçsın. İmanxanın fikrinə yox, azərbaycanlıların və insanların fikrinə münasibət bildirə bilərəm. Sultani isə Azərbaycandan yox, İrandandır”.

Səbuhi TOFİQOĞLU