Anar Salmanov: Allah haqqı, indiki hakimlik yaxşıdır - MÜSAHİBƏ
07.05.2013 - 23:01
Anar Salmanov: Allah haqqı, indiki hakimlik yaxşıdır  - MÜSAHİBƏ
FIFA referisi Anar Salmanovun apasport.az saytına müsahibəsi

- Bildiyimizə görə cəzalı olmasaydınız, “Bakı” - “Atletiko” oyununu idarə etməli idiz…
- Yox. Bu, səhv məlumatdır.

- Hər halda, Əliyar Ağayev zədəli olduğu üçün bu oyunu idarə edə bilmirdi. Belədə diqqət sizə yönəlirdi…
- Yox, düzgün məlumat deyil. Bunu Hakimlər Komitəsi müəyyənləşdirir. 3 FİFA referisi var: Anar Salmanov, Əliyar Ağayev və Rəhim Həsənov. Komitə oyunu Rəhimə etibar etdi.

- Hər halda, siz daha təcrübəlisiniz…
- Niyə ki? Əliyarla Rəhim də FİFA referisi adını daşıyır.

- Ölkə kubokunun 1/2 final mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçındakı idarəçiliyə görə cəzalandırılmısınız. Buna aydınlıq gətirə bilərsiniz?
- Vallah, nə cəza, nə də müddət barəsində eşitmişəm, nə də mənə kimsə nəsə deyib.

- Sadəcə, təyinat verilmir?
- Bəli, təyinat verilmir. Bu da Hakimlər Komitəsinin işidir. Özləri bilər. Onların işinə qarışa bilmərik.

- Həmin oyununun hakim-inspektoru Əli Hüseynov sizin idarəçiliyinizə neçə bal vermişdi?
- Yox, qardaş, Vallahi, xəbərim olmayıb. “Özüm ölüm” deyirəm. Həmin oyunu idarə etdim və çıxdım getdim. Qərarı yenə Hakimlər Komitəsi verir. Onlardan maraqlansaz, bəlkə onlar sizə deyər.

- Aprelin 17-dən etibarən oyunlara təyinat almırsız. Yəqin ki, Premyer Liqa matçlarına baxmaq imkanınız olur?
- Hərdənbir. Baxır oyuna.

- Hakimlərimizin idarəçiliyi kənardan baxdıqda necə görünür?
- Normal çempionat keçir. Hər şey superdir. Çempionat hakimlik baxımından problemsiz keçir. Yenə deyirəm e, səhv dünyanın hər yerində var. Allah haqqı, hakimlik bu gün normaldı, yaxşıdır.

- Elçin Məmmədovun hakimlikdən uzaqlaşdırılması haqda nə deyə bilərsiz?
- Mən nə deyim? Dünən mətbuatı izləməmişəm. Ancaq bu gün eşitdim ki, Elçini çıxarıblar.

- Sizin bir növ rəhbəriniz sayılır. Çünki Elçin Məmmədov həm də Hakimlər Komitəsində Elmi-Metodiki Şöbənin rəhbəridir…
- Allah canını sağ eləsin (gülür).

- Premyer Liqaya qayıtmağı yəqin ki çox istəyirsiz. Yoxsa bir az da istirahət etmək istərdiz?
- İstirahət deyəndə ki, açığı, ayağımda zədə var. Hazırda onu müalicə etdirirəm. Bu bir. İkincisi də ki, kim istəməz ki, oyun idarə etməyi? Hamımız Azərbaycan futbolu üçün çalışırıq da.

- Ayağınız nə vaxt zədələndi ki?
- Məşq zamanı. Oyunlar zamanı olmayıb.

- Təyinat almamağınızı ayağınızda zədə olması ilə əlaqələndirirsiz, yoxsa cəzalandırılmağınızla?
- Yenə deyirəm, təyinat alıb-almamağım Hakimlər Komitəsindən asılıdır. Zədə də zədədir. Ancaq təyinat verilməməsi zədəlik deyil. Nə vaxt oyun verəcəklər, idarə edəcəm.

- Cəzalandırıldığınız oyunda nə baş vermişdi?
- Mən həmin oyun barəsində heç nə danışmaq istəmirəm.

- Bayaq qeyd etdiz ki, hər bir insan səhv edə bilər. Səhvinizin olduğunu, “Qarabağ”ın qapısına haqsız penalti verdiyinizi etiraf edirsiz?
- Qərarımı artıq vermişəm, qardaş.

Səbuhi TOFİQOĞLU