Kamikadzeni ölümlə hədələmək və ya "Turan" 120 mini hardan tapsın?
07.05.2013 - 23:08
Kamikadzeni ölümlə hədələmək və ya "Turan" 120 mini hardan tapsın?
Naci Şensoydan xəbər var. Türkiyəli sonuncu dəfə - 2011-ci ilin may ayında Tovuzu tərk edən zaman "Turan" mənim Leylamdı, yenə gələcəm" - deməklə bərabər, "Süleymanovdan pulumu son qəpiyinə kimi alacağam" - ifadəsini də işlətmişdi.

Lakin artıq "Vallah, bilmirəm Şensoyla müqaviləmizdə hansı şərtlər yazılıb" - söyləyən futboldan bixəbər Musa Süleymanov yoxdu. Əvəzində Naci bəyin zamanında olduğu kimi, qəpiyə güllə atan "Turan" var. 100 min manatı olmadığı üçün AFFA Lisenziyalaşdırma Komissiyasından Premyer Liqada çıxış etmək hüququnu əldə edə bilməyən bir "Turan". Və həmin "Turan" indi sabiq baş məşqçisinin "zibilinə düşüb".
Əslində, özü gəlməsə də, səs-sorağı gələn Şensoyu qınamaq da düz deyil. Adam müqaviləsində nəzərdə tutulan əmək haqqısını - 120 min manatı istəyir. Daha doğrusu, türkiyəli mütəxəssis artıq bu işi 30 min dollar qarşılığında bir vəkilə satıb. Şensoy "göylər"i alıb, əvəzində "Turan"ın yaxasını verib başqa birinin əlinə. Həmin vəkil də əbləh deyil ki, boşuna Naci bəyə 30 min dollar versin. Bilir ki, gec-tez Şensoya çatmalı olan 120 min manatı alıb qoyacaq cibinə.

Adı məlum olmayan həmin vəkil hələ ötən ilin sentyabrında FİFA-ya müraciət etmişdi və ali futbol qurumu bu məbləğin ödənilməsi üçün tovuzlulara 1 ay vaxt vermişdi. Bu tələb yerinə yetirilməyəcəyi təqdirdə FİFA-nın komandanı cərimələyəcəyi, eyni zamanda, hesabından 6 xal siləcəyi və ya çempionatdan kənarlaşdıracağı gözlənilirdi. Ancaq FİFA "Turan"a qarşı humanist davrandı - 1 deyil, 7 ay səbr etdi. Tovuz klubundan səs-soraq çıxmayınca AFFA-ya məktub gəldi (Sport-Ekspress).

Düzdü, hələlik federasiya bununla bağlı rəsmi açıqlama verməyib. Amma artıq "Turan"ın vitse-prezidenti Namiq Məstanov da təsdiq edib ki, FİFA AFFA-ya "Turan"ın borcunu ayın sonunadək ödəməsi ilə bağlı məktub ünvanlayıb. Əks halda, Tovuz klubunun 6 xalı silinəcək və komanda tarixində ilk dəfə yeni mövsümə I diviziondan başlayacaq.

Açığı, FİFA-nın bu tələbi kamikadzeni ölümlə hədələməyə bənzəyir. "Turan"ın Premyer Liqada çıxış etməkdən ötrü lisenziya almaq üçün 100 min manatı yoxdu. Əlavə 120 mini haradan tapsınlar? Böyük ehtimalla, bu məbləği AFFA öz büdcəsindən ödəməli olacaq. Zatən, "Turan" elitadan çəkilməyə bir bəhanə axtarırdı...

ŞAMO
0