İfeanyi Emeqara: Bu, klubun sirlərini paylaşmaqdı MÜSAHİBƏ
08.05.2013 - 15:34
İfeanyi Emeqara: Bu, klubun sirlərini paylaşmaqdı MÜSAHİBƏ
“Qəbələ” klubunun nigeriyalı müdafiəçisi İfeanyi Emeqaranın apasport.az saytına müsahibəsi

- Sizin komandadan ayrıldığınız deyilir. Bu, düzdür?
- Mən komandadan ayrılmışam? Bunu kim deyir ki? Mənə bu haqda heç nə deyilməyib.

- Bu haqda klubun meneceri Zaur Əzizov açıqlama verib...
- Xəbərim yoxdur. Çünki mənə belə bir şey deməyib. Mənim “Qəbələ” ilə dekabra kimi müqaviləm var. Müqaviləm bitsə idi, siz deyən idi.

- Heç kəs sizə dəqiq belə bir şey deməyib, yoxsa danışmaq istəmirsiz?
- Hazırda mən heç nə danışmaq istəmirəm. Mənim klubla müqaviləm mövcuddur. “Qəbələ”yə məxsusam.

- Ancaq bildiyimizə görə, artıq əsas komanda ilə də məşq etmirsiz...
- Başa düşürsünüz, mən hazırkı durumda mətbuata danışmaq istəmirəm. Siz yalnız bu məsələ ilə bağlı komandanın direktoru Məhəmmədlə danışa bilərsiz. Mən isə kluba məxsusam. Əgər bu haqda danışsam, klubun sirlərini açmış olaram və bununla da klubun daxili nizam-intizam qaydalarını pozmuş olaram. Bəlkə Məhəmmədlə danışsaz, sizi bu haqda məlumatlandırar.

- Sizin nömrənizi məhz ondan almışıq. Əgər danışmağınız problem olsaydı, telefon nömrənizi biz verməzdi.
- Bağışlayın, ancaq mən hazırda “Qəbələ” karyeram haqda heç nə danışmaq istəmirəm. Çünki mənim düşüncəmə görə, bu, klubun daxili sirlərini paylaşmaqdır.

- “Qəbələ”də karyeranızı davam etdirmək istəyirsiz, yoxsa?
- Hələ heç nə bilmirəm. Yalnız onu bilirəm ki, mənim “Qəbələ” ilə 2013-cü ilin dekabrına kimi müqaviləm var.

Səbuhi TOFİQOĞLU