“Syomin “Qəbələ”də özünü yaxşı hiss edəcək” - MÜSAHİBƏ
08.05.2013 - 23:01
“Syomin “Qəbələ”də özünü yaxşı hiss edəcək” - MÜSAHİBƏ
“Qəbələ” klubunun yarımmüdafiəçisi Rodriqes Assisin apasport.az saytına müsahibəsi

- Komandanız çempionatın final mərhələsində zəif təsir bağışladı. İlk “altılıq” oyunlarında qələbə qazanmayan yeganə komanda olmağınız nə ilə bağlıdır?
- İlk dövrəni çox yaxşı keçirdik. Hətta komanda ilk “altılıq”a da vəsiqə qazandı. Daha sonra komanda çox dəyişdi və bu nəticəyə ciddi təsir etdi.

- “Qəbələ” qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoysa da, oyun zamanı futbolçularda bu istək hiss olunmur. Səbəbi nədir?
- Mükafatçılar sırasına düşmək bizim arzumuzdur. Artıq cari mövsüm bitmək üzrədir və biz buna nail ola bilməyəcəyik. Ancaq növbəti çempionatda bu arzumuzun ardınca gedəcəyik. Onu reallaşdırmağa çalışacağıq.

- Komandanın bu duruma düşməsində daha çox kimin səhvi olub?
- Futbol kollektiv oyundur. Burda heç kimi ayırmaq olmaz. İstədiyimiz nəticələrə qazana bilməməyimizdə həm futbolçuların, həm də məşqçilərin səhvləri olub.

- Növbəti turda “Bakı” ilə qarşılaşacaqsınız. Heç bir stimulunuz qalmayıb. Belə olan təqdirdə hansı nəticəyə ümid edirsiniz?
- “Bakı” yaxşı komandadır. Heyətində güclü futbolçular var. Çox çətin qarşılaşma olacaq. Təbii ki, heç kim meydana uduzmaq üçün çıxmır. Biz də qələbə qazanmağa çalışacağıq.

- Komandanın baş məşqçisi postuna rusiyalı mütəxəssis Yuri Syominin gətiriləcəyi gözlənilir. Onunla bağlı nə deyə bilərsiniz?
- Çox gözəl. Ümid edirəm ki, Syomin “Qəbələ”də özünü yaxşı hiss edəcək.

- Rusiyalı mütəxəssislə çalışmaq çətin olmayacaq?
- Onun gəlişi baş tutsa, ilk dəfə rusiyalı mütəxəssislə çalışacağam. İstəyirəm özünü Qəbələdə xoşbəxt hiss eləsin və komandamıza xeyri dəysin.

- Gələcək karyeranızla bağlı nə deyə bilərsiniz?
- Dəqiq bir söz deyə bilmərəm. İndi əsas olan qarşıdakı son 3 oyuna konsentrasiya olmaqdır. Bundan sonra gələcəyi gözləyəcəyik.

- “Qəbələ” hər mövsümün startında avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyduğunu açıqlayır. Amma sonda bunun əksini görürük...
- Komanda bunu inkişaf etdirməlidir. Ən vacibi isə mövsümü yaxşı bitirməkdir. Yeni mövsümə yaxşı başlayıb, istədiyimiz kimi də bitirəcəyik. Yəni komanda ilk “üçlük”də yer alacaq.

- Qış fasiləsində heyətə qatılan futbolçuların komandaya faydası dəymədi. Təcrübəli futbolçu kimi bunu nə ilə izah edə bilərsiniz?
- Yalnız onu deyə bilərəm ki, yaxşı futbolçulardır.