“Qaraçala”nın qara bəxtinə İtaliya klubu düşdü
09.05.2013 - 15:30
 “Qaraçala”nın qara bəxtinə İtaliya klubu düşdü
Ölkəmizi yayda Regionlar Kubokunun final mərhələsində təmsil edəcək “Qaraçala”nın rəqibləri bəlli olub. Apasport.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, İtaliyanın Abano-Terme şəhərciyində qurumun Gənclər və Həvəskarlar Komitəsinin sədri Cim Boysun iştirakı ilə püşkatma olub.

Püşkatma “Qaraçala”nın qara bəxtinə meydan sahiblərini salıb. Belə ki, A qrupunda yarışacaq Salyan klubu meydan sahibi olan İtaliyanın “Veneto”, Şimali İrlandiyanın “İstern Recion” (Şərqi Region) və Macarıstanın “Keleti Reqio” (Şərqi Region) həvəskar komandaları ilə mübarizə aparacaq. Üstəlik, “Veneto”nun 1999-cü ildə bu turnirdə çempion olmasını da xatırlatmaq yerinə düşər.

B qrupunda isə Belarusun “FK İsloç”, İspaniyanın “Seleksion Katalana” (Kataloniya seçməsi), Rusiyanın “Olimp Moskva” və Bolqarıstanın “Yuqoiztoçen Reqion” (Cənub-Şərqi Region) komandaları yer alıb.

“Qaraçala” ilk oyununu macarlara qarşı keçirəcək. Qrup oyunları iyunun 22, 24 və 27-də baş tutacaq. Qrup qalibləri İtaliyanın 12 regionundan biri olan Venetonun Abano-Terme şəhərciyində final görüşü keçirəcək. Bu qarşılaşma isə iyunun 29-da baş tutacaq.

Qeyd edək ki, Sahə Futbol Federasiyasından AFFA-ya təqdim olunan hesabata görə, İtaliyaya Litvada ilk mərhələnin oyunlarında olduğu kimi, “Qaradağ Lökbatan”ın peşəkar futbolçuları yox, həvəskarlar yollanacaq.
0