Yenə çempionluq “Qəbələ”nin oyununda
15.05.2013 - 08:38
Yenə çempionluq “Qəbələ”nin oyununda
1992-ci ildən keçirilən Azərbaycan milli çempionatının qalibi 2-ci dəfə Qəbələdə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” ilk və hələ ki yeganə çempionluğunu qazandığı 2007-ci ildə də bu məkanda sevinmişdi. Onda “Gilan” adlanan komanda mayın 23-də son turda öz meydanında Ağasəlim Mircavadovun baş məşqçisi olduğu cənub təmsilçisinə 0:3 hesabı ilə uduzmuşdu. Həmin vaxt 2-ci olan “Neftçi” bu dəfə “Qəbələ” ilə səfərdə 1:1 hesablı bərabərliyə qalmaqla, ardıcıl 3-cü çempionluğunu sona 1 tur qalmış rəsmiləşdirdi.

Ümumiyyətlə, çempionluğun “Qəbələ”nin oyunlarında müəyyənləşdiyi az olmayıb. Elə “Xəzər Lənkəran”dan sonrakı mövsümdə ilk dəfə qızıl medal qazanan “İnter” də belə yolun yolçusu olmuşdu. Onda da hər şey son turda bilinsə də, fərq məkanda idi. Belə ki, “İnter” mayın 28-də “Şəfa” stadionunda qəbələlilərə 4:0 hesabı ilə qalib gəlməklə, çempion oldu.

“Neftçi” bundan öncəki 2 çempionluğunu Bakıdakı oyunlarda rəsmiləşdirib. Ancaq komandaya çempionluq kuboku son turda verilir ki, bu, ötən mövsüm İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məhz “Qəbələ”yə 0:1 hesabı ilə uduzduğu matçda gerçəkləşdi. “Neftçi” növbəti kuboka mayın 19-da son turda “Bakı” ilə ev oyununda, ancaq bu dəfə “Bakcell Arena”da qovuşacaq.