“Gələn mövsüm tam başqa Rauf Əliyev olacağam” - MÜSAHİBƏ
15.05.2013 - 12:35
“Gələn mövsüm tam başqa Rauf Əliyev olacağam” - MÜSAHİBƏ
“Bakı”nın və Azərbaycan millisinin futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- “Qarabağ”la oyunda meydanda çox istəkli olduğunuzu müşahidə etdik. Sonda braziliyalı futbolçu Reynaldo Silvaya qarşı idmançıya yaraşmayan hərəkətinzə görə birbaşa qırmızı vərəqə aldınız. Belə demək olar ki, özünüzü “yandırdınız”?
- Yox, yandırmaq məsələsi deyil. Ani vəziyyətdə özümü saxlaya bilmədim. Həmin epizodda rəqib arxadan sərt oynadı. Belə deyək, mən də bir anda əsəbin qurbanı oldum. Bu, oyun epizodu idi.

- Aqressiv oynayırdınız. Bu, keçmiş komandanıza qarşı oynamağınızla bağlı idi?
- Xeyr. Sadəcə, məndə belə şey var ki, bütün görüşlərdə aqressiv oluram. Burda başqa bir şey yoxdur.

- Bəlkə “Qarabağ”a qarşı oyun sizin üçün prinsipial əhəmiyyət kəsb edirdi?
- İlk gündən demişəm ki, “Qarabağ”a heç vaxt prinsipim ola bilməz. Bu komanda mənim üçün doğmadır. Sadəcə, oyundur, alınmırdı.

- 2 ayda 2 qırmızı vərəqə aldınız. Hər ikisi də Tofiq Bəhramov adına Respublika stadionda. Təsadüfdür, yoxsa?
- Kim bilərəkdən qırmızı vərəqə almaq istəyər ki? Sonuncuda emosiyalarımı cilovlaya bilmədim.

- Sona 1 tur qalıb ki, cəza üzündən “Neftçi”yə qarşı oynamayacaqsınız. Yəni sizin üçün mövsüm artıq bitib. 2012/13 mövsümü sizin üçün necə keçdi?
- Mənim üçün o qədər də uğurlu olmadı. Artıq hər şeyi gələn mövsümdən gözləyirəm. Bu mövsüm demək olar mənim üçün yaxşı keçmədi.

- Qış fasiləsində “Qarabağ”dan keçdiyiniz “Bakı”ya necə uyğunlaşmısınız?
- Deyərdim ki, “Bakı”ya keçəndən sonra bir az özümə gəldim, qol da vurdum. Problemim qol vurmaq idi. İnşallah, gələn mövsüm tam başqa olaram.

- 2011-ci ildə ən yaxşı futbolçu seçiləndən sonra işləriniz yaxşı getmir, karyeranızda eniş var. Yenidən həmin Rauf Əliyevi görə biləcəyik? Bunun üçün nə etməlisiniz?
- Mənim oyun cəhətdən problemim yoxdur. Sadəcə, məndə qol vurmaq problemi olmuşdu. İstər-istəməz hücumçudan qol gözləyirlər. Mənə bununla bağlı olan təzyiqin qurbanı idim. Bundan sonra həyatımda başqa bir dəyişiklik etməli idim. Bunu da elədim, belə baxıram ki, pis alınmır. İnşallah, gələn il hər şeyin tam başqa cür olacağına inanıram.

- Mövsümün sizin üçün bitdiyini nəzərə alsaq, bəlkə bir yerə istirahətə gedib, yaxşı dincələsiniz?
- Düzdür, sakitləşmək üçün istirahət lazımdır. Psixoloji cəhətdən bəzi problemlər var və hələn mövsüm üçün hər şeyi tam sıfırdan başlamağım lazımdır.

- Millimizin cəza üzündən buraxacağınız Lüksemburq yığması ilə Bakıdakı rəsmi oyunundan nə gözləyirsiniz?
- Əlbəttə, millimizə mənəvi dəstək olacağam. İnşallah, 3 xal gözləyirəm. Lüksemburqu bu dəfə udmalıyıq. Çünki səfərdə bərabərlik etdiyimizdə, evdə ancaq qələbə olmalıdır. Bu il qarşımıza çox xal yığmağı məqsəd qoymuşuqsa, birinci Lüksemburqdan başlamaq lazımdır.

Mehman SÜLEYMANOV
0