Elbrus Abbasov Əmrah Çəlikələ cavab verdi
15.05.2013 - 16:01
Elbrus Abbasov Əmrah Çəlikələ cavab verdi
“1996/97 mövsümündə biz həqiqi çempion olmuşduq. O vaxt AFFA-nın Əsasnaməsinə görə, uşaq futbolçuların xalları da əsas sayılırdı. Məhz bu göstəricidə biz “Neftçi”ni qabaqlamışdıq”. Bunu apasport.az saytına “Qarabağ”ın sabiq baş məşqçisi Elbrus Abbasov deyib.

1996/97 mövsümündə əsas komandaların yarışında “Neftçi” “Qarabağ”ı 3 xalla qabaqlamışdı. Ancaq AFFA-nın Əsasnaməsinə görə, medallar uşaq komandaların çempionatının nəticələrinə əsasən verilən bonus xalların köməyi olmaqla
müəyyənləşirdi. Hər yaş qrupunda 1-ci yer 15, 2-ci 14, 3-cü 13 xal ardıcıllığı ilə bonus alırdı. 2 yaş qrupunda toplanan orta xal əsas sonda əsas komandaya əlavə olunurdu. Belədə “Qarabağ” çempionatı 86 xalla 1-ci, “Neftçi” isə 84,5 xalla 2-ci sırada bitirmişdi. Ancaq yekunda UEFA bu cür çempionluğu tanımamışdı.

Elə “Qarabağ” rəhbərliyi də UEFA kimi özlərinin 2-ci dəfə çempion olmalarını qəbul etmir. Klubun direktoru Əmrah Çəlikəlin Lent.az-a verdiyi açıqlamaya əsasən də bu qənaətə gəlmək mümkündür.

Ancaq həmin mövsümün qızıl medallarını qazanmış “Qarabağ”ın sabiq çalışdırıcı Elbrus Abbasov Çəlikəlin fikirləri ilə razı deyil: “O vaxt bizim U-15 və U-16 uşaq komandalarımız digərlərindən aşkar fərqlə üstün idi. Rəşad Sadıqov o vaxt bizim uşaq komandamızda idi. Sonradan bəziləri futbolu tulladı, ancaq çoxu oynayır indi də. Baxmayaraq ki, qaçqın klubu idik, heç kim həmin komandalara yiyə durmurdu. Biz onları saxlayırdıq və məşqçilərinə də maaş verirdik. Prokuror, polis rəisi, icra başçısından xahiş edirdik ki, sən Allah, 2-3 min manat ver, bu komandanı saxlayaq. Əsas komanda 70 manata oynayırdı. O vaxt bizdə Tərlan Əhmədov, Aslan Kərimov, Müşviq Hüseynov, Elşad Əhmədov, Cəmaləddin Əliyev, Mirbağır İsayev, Bəxtiyar Musayev kimi aparıcı oyunçular vardı”.

Abbasov hələ də komandasını çempion sayır: “O vaxt hamı AFFA-nın Əsasnaməsi ilə razı idi. İndi kim nə deyir desin, biz həmin mövsümün çempionuyuq. Biz Sumqayıtda “Neftçi”ni 2:1 udmuşduq. Kim “Neftçi”yə qalib gəlirdisə, o da çempion olmalıdır. Biz çempion olduq, bizə medallar və diplomlar verildi. İndi kim necə sayır, özü bilər. Heç “Qarabağ” rəhbərliyi ilə əlaqələrim yoxdur. Onlar Bakıda, mən isə Quzanlıdayam. 2 oyun gəlib burda oynadılar, sonra da getdilər…”
0