“Bakı”nın futbolçusu Türkiyə ilə oyuna çağırıldı
15.05.2013 - 23:02
“Bakı”nın futbolçusu Türkiyə ilə oyuna çağırıldı
“Bakı”nın futbolçusu Denis İvanov Latviya millisinə çağırılıb. Bu haqda apasport.az saytına 29 yaşlı müdafiəçinin özü məlumat verib.

Denis onu Bakı klubuna gətirən, hazırda isə yalnız yığmada baş məşqçisi olan Aleksandr Starkovdan növbəti dəvət aldığını bildirib: “O, hər dəfə yığmaya gəldiyimdə, həm özümün, həm klubun vəziyyəti ilə maraqlanır. Hər halda, Starkovun “Bakı”da çoxlu tanışları qalıb. Millimizin qarşıda 3 oyunu var. Bunlar Qətər və Türkiyə yığması ilə yoldaşlıq, iyunda isə Bosniya və Herseqovina ilə rəsmi matçdır. “Neftçi” ilə oyundan dərhal sonra yığmanın düşərgəsinə gedəcəyəm. Azərbaycanda oynamış həmyerlilərimdən Pavel Doroşevlə Maris Verpakovskis də çağırılıb. Maris yalnız rəsmi oyuna gələ biləcək ki, bu da çıxış etdiyi Yunanıstan çempionatında həmin vaxt matçların olmağı ilə bağlıdır”.

İvanovla “zolaqlılar”da da birgə oynamış Verpakovskis qış fasiləsində Yunanıstanın “Erqotelis” klubuna qayıdıb.

Qeyd edək ki, “Bakı” cari mövsümə mayın 14-də “Neftçi” ilə səfər matçı yekun vuracaq.

Mehman SÜLEYMANOV
0