Petar Zlatinov qərarını verdi: Sxadadze məni sevmir
16.05.2013 - 09:59
Petar Zlatinov qərarını verdi: Sxadadze məni sevmir
Bolqarıstanlı futbolçu Petar Zlatinov “İnter”dən ayrılır. Bu haqda apasport.az saytına 31 yaşlı legionerin özü məlumat verib.

2008-ci ildən “bankirlər”in şərəfini qoruyan Zlatinov bildirib ki, artıq qərarını verib və son turu gözləyir.

“Simurq”la Zaqataladakı oyuna aparılmamağım zədə ilə bağlıdır. Əvəzedici heyətdə xəsarət aldığımdan risk etmək istəmirdim. Ancaq indi vəziyyətim yaxşı olsa belə, onsuz da baş məşqçi məni oynatmır. “18-liy”ə düşmürəmsə, qalmağın nə mənası var ki? Deməli, getməliyəm. Ola bilsin baş məşqçi Kaxaber Sxadadze məni sevmir. Bunu özündən soruşsanız, yaxşıdır” – deyə, Zlatinov bildirib.

Petar vurğulayıb ki, karyerasını yenə də ölkəmizdə davam etdirə bilər: “Variantlarım olduğundan tələsmirəm. Həm Azərbaycandan, həm də Bolqarıstandan təklifim var. Vaxtı gələndə, gələcək karyeramla bağlı qərar verəcəyəm”.

Qeyd edək ki, cari mövsümü zədə üzündən boşa verən Zlatinov “İnter”in heyətində Azərbaycan çempionatının qızıl, gümüş və bürünc medalını, habelə “Birlik kuboku”nu qazanıb.

Mehman SÜLEYMANOV
0