Ruslan Abışov milliyə Qətərdə qoşulacaq
16.05.2013 - 11:13
Ruslan Abışov milliyə Qətərdə qoşulacaq
“Rubin”in futbolçusu Ruslan Abışov Azərbaycan millisinin hazırlığına sonradan qoşulacaq. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi Kazandan Bakıya yox, birbaşa Qətərə yollanacaq.

Belə ki, millimiz Qətərlə yoldaşlıq görüşü ilə bağlı mayın 25-də vətəndə bir araya gələcək. “Rubin” isə çempionata mayın 26-da “Krasnodar”la ev oyunu ilə yekun vuracaq. Kazanlılar Ruslanı həmin matçda sərəncamında görmək istədiyindən, bundan sonra milliyə gedişinə imkan verəcək. Belə ki, FİFA-nın qaydalarına görə, klub futbolçunu yoldaşlıq görüşünə 48 saat qalmış buraxmaq hüququna malikdir.

Belə olan halda, Abışov ən yaxşı halda mayın 27-də Qətərə gələrək, 2 gün sonra yoldaşlıq görüşünün iştirakçısı olacaq. O, iyunun 7-də Lüksemburq yığması ilə Bakıdakı rəsmi oyuna tam şəkildə hazırlaşa biləcək.

Millimizin xaricdə oynayan digər üzvü Cihan Özkara isə düşərgəyə daha tez gələ biləcək. Çünki hücumçunun şərəfini qoruduğu “Sivasspor” mövsümü mayın 19-da “Elazığspor”la səfər matçı bitirəcək.

Qeyd edək ki, digər milliləşdirilən türkiyəli futbolçumuz olan “Hannover”in müdafiəçisi Əli Gökdəmirin zədəsi haqda məlumatlı olan yığmamız ona dəvəti saxlayaraq, vəziyyətinə düşərgədə həkimlər baxacaq.
0