AZAL və “Bakı”nın oyunçuları təhqirə görə cəzalandırıldı
16.05.2013 - 14:44
AZAL və “Bakı”nın oyunçuları təhqirə görə cəzalandırıldı
AFFA İntizam Komitəsi əvəzedici komandalardan AZAL və “Bakı”nın oyunçularını ciddi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, hər 2 komandanın futbolçuları qırmızı vərəqə aldıqları üçün bu cəzaya layiq görülüb.

Belə ki, “Rəvan” – AZAL oyununda qonaqların futbolçusu Elgün Abbaslı uzatma dəqiqələrində rəqib oyunçunu təhqir edib. Bu üzdən görüşün baş hakimi ona birbaşa qırmızı vərəqə verib. Komitə buna görə futbolçunu 3 oyunluq cəzalandırıb, “təyyarəçilər” isə 1000 manat cərimə olunub.

Bakıda keçirilən digər qarşılaşmada da intizam pozulub. “Bakı”nın yarımmüdafiəçisi Mahir İbrahimov “Qarabağ”la görüşdə baş hakim Sərxan İsmayılovu təhqir etdiyinə görə, 29-cu dəqiqədə meydandan birbaşa qırmızı vərəqə ilə qovulub. Bu ona baha başa gəlib. 4 oyunluq cəzalandırılan Mahir üstəlik klubunun 2000 manat ziyana düşməsinə səbəb olub.

Qeyd edək ki, “Simurq” – “İnter” matçında da meydan sahiblərinin futbolçusu İlqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb və 2 oyunluq cəzaya məruz qalıb.