“Rəvan” itkilərlə hazırlıqlara başladı
16.05.2013 - 20:22
“Rəvan” itkilərlə hazırlıqlara başladı
Topaz Premyer Liqasının sonuncu - XXXII turu çərçivəsində “Xəzər Lənkəran”la səfərdə görüşəcək “Rəvan” bu oyuna hazırlığa başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda 1 günlük istirahətdən sonra bu gün axşam keçirilən məşqlə hazırlığa start verib.

“Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev yetirmələrini çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə klubun kapitanı iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovda ayaq biləyinin bağları xəsarət alıb. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.

Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikloay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Bütün bunlar azmış kimi, Tofiq Mikayılovun da zədəli olması baş məşqçini qayğılandırır.

Aprel ayında Premyer Liqada vurulmuş ən gözəl qollardan birin(cisin)in müəllifi olan “22” nömrəli futbolçu bugünkü məşqdə fərdi qaydada hazırlaşıb. Onun Lənkəranda oynayıb-oynamayacağı sual altındadır. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və “cənublular”la oyunda forma geyə biləcək.

Qeyd edək ki, mayın 20-də Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Rəvan” oyunu saat 19:00-da başlayacaq.