Joze Mourinyo jurnalistlərin qarşısına çıxmadı
17.05.2013 - 03:14
Joze Mourinyo jurnalistlərin qarşısına çıxmadı
Bu gün İspaniya Kral kubokunun finalında “Atletiko” ilə “Real” üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo oyun öncəsi mətbuat konfransına çıxmayaraq, bir ilkə imza atıb.

Mövsümün sonunda komandadan ayrılacağı iddia edilən, klubun qapıçısı İker Kasilyas və müdafiəçisi Pepe kimi ulduz oyunçularla münasibətləri yaxşı olmayan portuqaliyalı çalışdırıcı özü iştirak etmədiyi konfransa heç köməkçisi Aitor Karankanı da göndərməyib.

“Atletiko”da isə baş məşqçi Dieqo Simeone, futbolçulardan Radamel Falkao və Qabi jurnalistlər qarşısına çıxıblar. “Real”da isə mətbuat konfransında yalnız müdafiəçi Serxio Ramos iştirak edib.

Qeyd edək ki, bu komandalar İspaniya Kral kubokunun finalında 4 dəfə qarşılaşıblar. Bunlardan isə 3-də sevinən tərəf “Atletiko” olub. Hər üç kuboku da “Atletiko” “Real”ın “Santyaqo Bernabeu” stadionunda qazanıb. “Kral klubu” isə rəqibi qarşısında yeganə zəfərinə 1974-1975 mövsümündə “Atletiko”nun “Visente Kalderon” stadionunda yiyələnib.