“Neftçi” ilə eyni səbətdə
17.05.2013 - 08:53
“Neftçi” ilə eyni səbətdə
Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının qalibi “Neftçi”nin də mübarizə aparacağı yarışda Moldovanın təmsilçisi bəlli olub.

Belə ki, Tiraspolun “Şerif” klubu tarixində 12-ci dəfə ölkə çempionu tituluna yiyələnib. Son 13 ildə yalnız 1 dəfə qızıl medalları əldən verən Vitali Raşkeviçin yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib.

Səfərdə “Zimbru”nu 2:0 hesabı ilə məğlub edən “Şerif” 31 oyunda 74 xal toplayıb. Çempionun ən yaxın izləyicisi “Daçiya” isə bu gün keçirəcəyi 31-ci turun matçından asılı olmayaraq rəqibinə çatmaq imkanını itirib. Kişinyovluların 30 oyundan sonra 62 xalı var.

Qeyd edək ki, “Şerif” Çempionlar Liqasının püşkatması zamanı “Neftçi” ilə eyni – səpələnmişlər səbətində yer alacaq. Səpələnməmişlər səbətinə yollanacağı müəyyənləşən növbəti komanda isə “Birkirkara” olub. Malta çempionu “Neftçi”nin potensial rəqibinə çevrilib.