UEFA “İnter”i “Şəfa”ya buraxmır
17.05.2013 - 15:46
UEFA “İnter”i “Şəfa”ya buraxmır
Bakının “İnter” futbol komandası 2013-2014-cü il mövsümündə Avropa Liqasındakı rəqiblərini “Şəfa” stadionunda qəbul etməyə bilər. Bu barədə Lent.az-a klubun prezidenti Georgi Nikolov məlumat verib.

O bildirib ki, stadion ətrafında yol ötürücüsünün inşası ilə əlaqədar “İnter”in ev oyunlarını “Şəfa”da keçirməsi böyük sual altına düşüb: “Stadion, tribunalardakı tamaşaçı sayı, meydanın örtüyü və paltardəyişmə otaqları UEFA-nın tələblərinə tam cavab verir. Yeganə problem nəqliyyat sistemi ilə bağlıdır. Yəni, stadion ətrafında maşınların saxlanılması üçün imkan yoxdur. Ona görə də tam mümkündür ki, UEFA ev oyunlarımızı “Şəfa”da keçirməyə icazə verməsin. Yəqin ki, bu məsələyə iyunda tam aydınlıq gələcək”.

Nikolovun sözlərinə görə, bu yaxınlarda “Şəfa” stadionuna UEFA və ya AFFA komissiyası baxış keçirəcək. Klub prezidenti doğma arenada oynaya biləcəklərinə ümid etdiyini bildirib: “Ötən mövsüm “İnter” Avropa Liqasında Estoniya “Trans”ı ilə 2-ci təsnifat mərhələsindəki səfər görüşünü Tallindən aralıda yerləşən Rakvere qəsəbəsində kiçik stadionda keçirdi. Stadion beynəlxalq tələblərə cavab verməsə də, oynamağa icazə verildi. İndi də rəqiblərimizi “Şəfa”da qəbul edəcəyimizə ümid edirəm. Hər halda “Ümid sonda ölür” deyiblər”.

“Şəfa” variantı alınmasa, Nikolov “İnter”in rəqiblərini AFFA-nın balansında olan stadionlardan birində qəbul edəcəyini söyləyib. O, artıq federasiya rəhbərliyi ilə bu barədə söhbətinin olduğunu da deyib: “Ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək fikrimiz yoxdur. “Şəfa”da oynamasaq, “Bakcell Arena”, “Bayıl “Arena” və ya “Dalğa Arena” arasında seçim edəcəyik”.

Qeyd edək ki, Avropa kuboklarında növbəti mövsümün püşkü iyunun 24-də atılacaq. Avropa Liqasında mübarizəyə isə iyulun 4-də start veriləcək. “İnter” öz balansındakı “Şəfa” stadionunda indiyədək qitə miqyaslı oyun keçirməyib. Əvəzində bu komandanın sələfi “Xəzər Universiteti” sonuncu dəfə 2004-cü il iyulun 10-da artıq mövcud olmayan “İntertoto” Kubokunun II mərhələsində Finlandiya “Tampere”sinə məhz “Şəfa”da 0:1 hesabı ilə uduzub. Bu arenadan sonuncu dəfə isə artıq fəaliyyətini dayandırmış Yevlaxın “Karvan” komandası yararlanıb. 2006-cı il avqustun 10-da keçirilmiş UEFA Kubokunun II təsnifat mərhələsinin ilk görüşündə “Karvan” Çexiya “Slaviya”sına uduzub – 0:2. Hər iki oyun “Şəfa”da təbii ot örtüyünün mövcud olduğu illərə təsadüf edib.
Süni örtük qoyulduqdan sonra tələblərə cavab vermədiyi üçün beynəlxalq oyunlar keçirməyə uzun müddət qadağa qoyulub. Yalnız ötən il FİFA-nın tələblərinə uyğun süni örtük döşəndikdən sonra 17 yaşadək qızlar arasında dünya çempionatının bir neçə oyunu “Şəfa”da baş tutub.
0