“Çelsi” və “Arsenal” pley-offda qarşılaşa bilər
17.05.2013 - 21:41
“Çelsi” və “Arsenal” pley-offda qarşılaşa bilər
İngiltərə Premyer Liqasının başa çatmasına 1 tur qalmış qızıl və gümüş medalların sahibləri müəyyən olsa da, hələ ki bürünc mükafat uğrunda mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, bu yer uğrunda isə 2 komanda iddialıdır.

Bunlar “Çelsi” və “Arsenal”dır. Hazırda aktivində 72 xal olan “zadəganlar” 3-cü, 70 xalla “topçular” isə 4-cü yerdə qərarlaşır. Turun son nəticəsinə görə, bu komandalar pley-offda üz-üzə gələ bilərlər.

Belə ki, əgər “Arsenal” səfərdə “Nyukasl”ı 2:1 hesabı ilə məğlub edərsə, “Çelsi” isə doğma publika önündə “Everton”la qolsuz bərabərə qalarsa, onda Arsen Venger və Rafael Benitesin komandalarının göstəriciləri eyni olacaq - 73 xal, 21 qələbə, 10 heç-heçə, 7 məğlubiyyət, 73 vurulmuş top, 38 – buraxılmış qol.

Artıq Premyer Liqa rəhbərliyi üçüncü yer üçün pley-off oyunlarının tarixini və məkanını da açıqlayıb. Sözügedən vəziyyət yaranarsa “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək görüş mayın 26-da, Birminhemin “Villa Park” stadionunda baş tutacaq.