Nikolay Adam: İndi sadə futbol oynamaq çətindir - MÜSAHİBƏ
17.05.2013 - 23:03
Nikolay Adam: İndi sadə futbol oynamaq çətindir - MÜSAHİBƏ
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamın apasport.az saytına müsahibəsi

- Rəhbərlik etdiyiniz komanda Qazaxıstanda təşkil olunan “Prezident kuboku”nu 4-cü pillədə başa vurdu. Yarış barədə fikirləriniz necədir?
- Turnirdə tutduğumuz 4-cü yer bizi qane edə bilməz. Məncə, daha yaxşı nəticə əldə edə bilərdik. Futbolçuların və komandanın buna potensialı vardı. Ən azı üçüncü yeri tuta bilərdik. Son iki oyunda meydanı məğlub tərk etdik ki, bu da yaxşı hal deyil. Nəticəni nəzərə almasaq, komandam bu turnirdə irəliyə doğru böyük bir addım atdı.

- İlk iki oyunda qələbə qazanan U-17 sonrakı qarşılaşmalarda uduzdu. Oyunları ayrı-ayrılıqda necə dəyərləndirirsiniz?
- Əvvəlcədən qeyd edim ki, çox güclü qrupda yer almışdıq. İlk oyunda Gürcüstanla qarşılaşdıq. Gərgin qarşılaşma oldu. Hesabda geri olsaq da, uşaqlar oyunun axarını dəyişə bildilər. Əvvəlcə hesabı bərabərləşdirdik, daha sonra Roman Hüseynovun baxımlı qolu ilə qələbə qazandıq. “Botafoqo” ilə oyuna gəlincə, qarşılaşmanın əvvəlində vurduğumuz qollarla nəzarəti tam ələ keçirdik. Nəticədə meydanı qələbə ilə tərk etdik. Qrupun son oyununda İran yığması ilə üz-üzə gəldik. Standart vəziyyətdən qapımızda qol gördük. Qol vuran futbolçu istər boy-buxun, istərsə də fiziki baxımdan bizim uşaqlardan qat-qat üstün idi. Qol buraxdıqdan sonra daha çox risk etməyə başladıq. Rəqib bizi əks-hücumda tutub ikinci qolunu vurdu. Litva ilə sonuncu oyunda topa biz nəzarət edirdik. Litva isə futbol oynamırdı, bizə də oynamağa imkan vermirdi. Bununla belə, onlar yaxaladıqları fürsətlərdən daha yaxşı istifadə edib qələbə qazandılar.

- Təbii ki, bu cür turnirlərin əsas xeyri uşaqların təcrübələrini artırmaları baxımından əhəmiyyət kəsb edir. Qazaxıstandakı turnirdə nə kimi çatışmazlıqlar müşahidə etmisiniz?
- Keçirdiyimiz 4 oyunda mümkün 12 xaldan 6-sını toplamışıq. 5 qol vurub, 5 top buraxmışıq. Statistikaya nəzər yetirdikdə, 4 oyunda 5 top buraxmaq çoxdur. Digər tərəfdən hücumçular 4 oyunda 5 qol vurublarsa, bu da həddindən artıq azdır. Birincidə müdafiəçiləri, ikincidə hücumçuları günahlandırmaq olar. Müasir futbol ayrı-ayrı xətlərin, mövqelərin oyunu deyil. Komanda olaraq çox qol buraxıb, az qol vurmuşuq. Komandamızın üzvü Roman Hüseynov turnirin ən yaxşı yarımmüdafiəçisi seçildi. Bu o demək deyil ki, bu bizim üçün həlledicidir. Oyunumuzu izləyənlər Azərbaycan komandasının daha baxımlı futbol nümayiş etdirməsindən həzz aldıqlarını deyirdilər. Yəni meydanda nəzarəti əlimizdə saxlayırdıq, oyunun gedişinə təsir edə bilirdik. Ancaq bu komandamın effektli olduğuna dəlalət etmir. Gələcək oyunlarda və turnirlərdə daha yaxşı oynamaqla yanaşı, effektli olmağa çalışacağıq.

- Oyunlarda müşahidə etdiyimiz əsas məqam uşaqların fərdi bacarıqlarının yüksək səviyyədə olmasıdır. Ancaq təəssüf ki, bunu kollektiv oyuna tətbiq edə bilmirlər. Bu nə ilə əlaqədardır?
- Çox düzgün müşahidə etmisiniz. Futbol həmişə komanda oyunu olub və qalmaqdadır. Fərdi ustalığı yüksək səviyyədə olan futbolçular olsa belə, onlar fərdi bacarıqları ilə komandanın ümumi oyununa təsir etməlidir. Yəni fərdi ustalığı yüksək olan oyunçular meydanda öz bacarıqlarını göstərmək yox, komandaya necə kömək edəcəklərini düşünməlidirlər. Təbii ki, bu da komandanın ümumi oyununun daha da yaxşı olmasına gətirib çıxaracaq. Komandamızda belə futbolçular var. Bunun üzərində işləmək lazımdır. Bu barədə məşqçilər korpusu ilə danışıb uşaqlara xəbər vermişik. Bundan sonrakı məşqlərdə daha çox ötürmələr üzərində çalışacağıq. Misal üçün, meydanın bir qismində qısa ötürmələr edəcəyik, harada driblinq lazım olduğunu başa salacağıq. Bizim ümumi istədiyimiz odur ki, futbolçularımız oyun ərzində özləri düzgün qərar versinlər. Yəni bizim deməyimizdən sonra yox. Oyunçular şəxsiyyət kimi özləri qarşılaşmanın müqəddaratını həll etməlidirlər. Futbol oynamaq əslində sadədir. Ancaq sadə futbol oynamaq çətindir. Uşaqlara bunu öyrətməliyik.

- U-17-ni qarşıda daha bir turnir gözləyir. Ölkəmizdə təşkil olunacaq III Caspian Cup beynəlxalq turniri ilə bağlı nə kimi hazırlıq görürsünüz?
- Prezident kubokunda 3-cü yer uğrunda oyunda məğlubiyyətdən sonra çox məyus idik. Ondan sonra məşqçilər korpusu ilə birlikdə keçirdiyimiz oyunların videoyazısına baxdıq. Bayaq sadaladığım çatışmazlıqların hamısını müşahidə etmişik. Caspian Cup-da qarşımızda duran məqsəd gördüyümüz çatışmazlıqları aradan qaldırıb komandanı daha yaxşı səviyyəyə gətirməkdir.

- Qazaxıstandakı turnirlə müqayisədə heyətdə dəyişikliklər gözlənilirmi?
- Bəli, Caspian Cup turnirində Prezident kubokundakı heyətlə oynamayacağıq. Kimin heyətdə yer alıb-almayacağını dəqiq deyə bilmərəm. Müəyyən hazırlıqlar var. Onların nəticəsi məlum olduqdan sonra kimlərin bizimlə birlikdə olacağı dəqiqləşəcək. Düşünürəm ki, mayın 23-dək bu məsələ öz həllini tapacaq. Son onu da əlavə etmək istəyirəm ki, AFFA həmişə yüksək təşkilatçılığı ilə seçilir. Bu turnirin də yüksək səviyyədə təşkil olunacağına şübhəm yoxdur. Ən çox arzuladığım məqam oyunları daha çox tamaşaçının izləməsidir.