“Mənim üçün belə məğlubiyyət utandırıcıdır”
20.05.2013 - 09:53
“Mənim üçün belə məğlubiyyət utandırıcıdır”
“Portuqaliya layiqli qələbə qazandı. Bizi fiziki və texniki baxımından aşkar şəkildə üstələdilər. Bu 2 məğlubiyyət səhvlərimiz üzərində düşünməyimizə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan U-16-nın baş məşqçisi Petar Pençev deyib.

17 yaşadək futbolçular arasında ölkəmizdə keçiriləcək “Caspian Cup” turnirinə Bolqarıstan yığması Portuqaliyada təlim-məşq toplanışı keçməklə hazırlaşıb. Slavyanlar Pireney yarımadasında meydan sahiblərinə qarşı 2 yoldaşlıq oyunu keçirib. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn portəkizlər ikinci oyunda da bolqarları darmadağın edib – 5:1.

Oyundan sonra Pençev Bakıda başqa taktikadan yararlanacağını bildirib: “Şəxsən mənim üçün belə məğlubiyyət utandırıcıdır. Məni oyunçuların əksəriyyətinin çıxışı məyus etdi. Ayın sonlarında Azərbaycanda güclü turnir keçiriləcək. Orda biz digər alternativləri axtaracağıq. Gələcəyə ümidlə baxmaq üçün oyun üslubumuzu radikal şəkildə dəyişmək lazımdır”.

Qeyd edək ki, Bolqarıstan yığması mayın 27-də Bakıya gələcək.