Gürcülər “İnter”dən getdi
20.05.2013 - 14:50
Gürcülər “İnter”dən getdi
“İnter” klubundan ayrılacaq legionerlər bəlli olub. Apasport.az saytının məlumatına görə, 3 gürcüstanlı futbolçu ilə müqavilənin müddəti uzadılmayıb.

Bunlar qapıçı Revaz Tevdoradze, müdafiəçi Valeri Abramidze və yarımmüdafiəçi İlya Kandelakidir.

Əsas heyətə düşə bilməyən Tevdoradze ilə Abramidzedən fərqli, Kandelaki özü “İnter”dən ayrılmaq istədiyini bildirib. Belə ki, 31 yaşlı müdafiəçi bundan sonra karyerasını vətəni Gürcüstanda davam etdirmək istədiyini baş məşqçi Kaxaber Sxadadzenin nəzərinə çatdırıb. Çalışdırıcı isə Kandelakinin bu qərarına hörmətlə yanaşıb.

“İnter” Tevdoradzenin yerinə Səlahət Ağayevi qaytarmaq istəyir. İcarə əsasında çıxış edən qolkiperi “Sumqayıt” da saxlamaq istəsə də, “bankirlər”in müqavilə ilə onlara məxsus olan Səlahəti qaytarmaq niyyəti ciddidir. “İnter”in “Rəvan”da oynayan digər futbolçusu Şəhriyar Rəhimovun isə qaytarılacağı güman olunmur. Ehtiyatda gününü keçirən digər qapıçı Elşən Poladov haqda isə qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, “İnter”dən buna qədər 2 futbolçu – bolqarıstanlı yarımmüdafiəçi Petar Zlatinov və milliləşdirilmiş ukraynalı müdafiəçi Vladimir Levin ayrılıb. Braziliyalı Robertinyo isə hələ mövsümün gedişində komandanı tərk etməli olub.
0