AZAL-dan 7 rekord
22.05.2013 - 10:29
AZAL-dan 7 rekord
Topaz Premyer Liqasının XXXII turu AZAL-ın rekordları ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekordları da sıralayıb.

Belə ki, “təyyarəçilər” birdən-birə 7 rekorda imza atıb:

1. Bakılılar milli çempionatlarımız tarixində “altılığ”ı məğlubiyyətsiz bitirən 2-ci komanda olub. 2 il əvvəl bunu ikinci “altılıq”da çıxış edən “Qəbələ” bacarmışdı. 1995/96, 1998/99 və son 4 mövsümdə tətbiq olunan bu sistemdə məğlubiyyətsiz başqa komandalar olmayıb.

2. AZAL “altılığ”ı 28 xalla bitirərək “Kəpəz”in 1998/99 mövsümündəki 25 xallıq rekordunu arxada qoyub. Bununla da ölkə futbolunda yeni mütləq rekord müəyyənləşib.

3. “Təyyarəçilər” final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu olub.

4. AZAL “altılıq”da 9 qələbə qazanan ilk komanda kimi tarixə düşüb.

5. 25 qol vuran paytaxt təmsilçisi 1995/96 mövsümündə 24 qol vuran “Kəpəz”in rekordunu yeniləyərək, mütləq göstəriciyə imza atıb.

6. AZAL tarixinin ən uzun qələbə seriyasını müəyyənləşdirib. Bakılılar 2007/08 mövsümündə 2 dəfə 5 qələbəni sıralamışdı – I-V və XV-XIX turlarda.

7. Ardıcıl 8 qələbə mövsümün də rekordudur. XVIII-XXIII turlarda “Neftçi”, XXIV-XXVII turlarda isə “Qarabağ” 5 qələbə sıralamışdı. AZAL bu göstəriciləri 3 qələbə üstələyib.