Vitse-prezident Vaqif Sadıqova ilişdi: Havayı pul vermək olmaz!
22.05.2013 - 12:10
Vitse-prezident Vaqif Sadıqova ilişdi: Havayı pul vermək olmaz!
“Böyük ehtimalla, Saşa Yunisoğlu və Elşən Məmmədov komandada qalmayacaq. Elə Andryus Veliçka ilə də yollarımızı ayıracağıq. Bu futbolçuları oynatmırıqsa, havayı pul vermək olmaz”. Bunu apasport.az saytına AZAL-ın vitse-prezidenti Vaqif Qasımov deyib.

AZAL-ın sabiq prezidenti olan Qasımov adaşı, komandanın baş məşqçisi Vaqif Sadıqovu tənqid edib. O, Litva millisinin hücumçusu Veliçka və yığmamızın sabiq müdafiəçisi Yunisoğlunun transferinin lazımsız olduğunu bildirib: “Veliçka ilə Saşa Vaqif Sadıqovun vaxtında transfer olunub. Əgər onlara şans verməyəcəkdinsə, niyə transfer edirdin? Elə şeylər var ki, danışmaq istəmirəm... Futbolçuları bədbəxt etmək olmaz”.

Qasımov Junior Nildonun “Xəzər Lənkəran”a keçidinə də şərh verib. “Təyyarəçilər”in vitse-prezidenti onun kimi hücumçunu tapmağın çətin olacağını bildirib: “Nildonun müqaviləsinin müddəti bizimlə bitməmişdi. Ancaq “Xəzər Lənkəran” onu təkidlə istəyirdi. Nildo kimi futbolçu Azərbaycana hələ gəlməmişdi. Çox istedadlı idi. Təbii ki, onu saxlamaq istəyirdik. Ancaq futbolçunu zorla saxlamaq mümkün deyil. Həm də, bizdə oynadığı vaxt özünü intizamlı, əsl peşəkar futbolçu kimi aparmışdı. Bu üzdən onun gedişinə əngəl olmamağa çalışdıq”.

AZAL rəsmisi heyətdən gedənlərin klub prezidenti Zaur Axundovun ölkə xaricindən qayıtmasından sonra dəqiqləşəcəyini vurğulayıb: “Hələ Zaur müəllim ölkədən kənardadır. Qayıtdıqdan sonra onun iştirakı ilə iclas keçiriləcək. Həmin toplantıda transfer siyasəti müzakirə olunacaq. Yay transferi zamanı büdcənin artırılıb-artırılmayacağı da məhz o toplantında bilinəcək. Usim Ndukanın bizimlə müqaviləsi başa çatıb. Ancaq bu futbolçu ilə danışıqlar aparacağıq. Nduka “İnter”ə keçib? Saytlar çox şey yaza bilər. Mən rəsmi müqaviləyə inanıram. Transfer Nildo kimi olar, “Xəzər Lənkəran”la müqavilə bağladı, vəssalam..”.

Səbuhi TOFİQOĞLU