Böyükağa Hacıyev niyə cəzasız qaldı?
22.05.2013 - 12:26
Böyükağa Hacıyev niyə cəzasız qaldı?
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Neftçi” - “Bakı” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan Denis Silva “Neftçi”ni 2000 manat ziyana salıb və 2 oyunluq cəzalanıb. Braziliyalı bu cəzasını növbəti mövsümdə çəkəcək. Oyunun 12, 37 və 79-cu dəqiqələrində “Neftçi” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri, 62-ci dəqiqə ilə matçdan sonra meydançaya kənar əşya atdıqları üçün “ağ-qaralar” daha 2000 manat ödəyəcək. Çempionun fanatları tərəfindən stadionun oturacaqları sındırıldığı üçün 8-ci km stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında pul ödəyəcək.

“Turan” – “Sumqayıt” matçında qonaqların 5, meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 1000 manat ziyana düşüb. Matçın 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alıb. Bunun üçün legioner 1 oyunluq cəzaya, klub 200 manat cəriməyə layiq görülüb.

“Xəzər Lənkəran” – “Rəvan” qarşılaşmasının 68-ci dəqiqəsində qonaqların üzvü Ramil Həşimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu üzdən futbolçu 1 oyunluq cəza, komandası 200 manat cərimə ilə üzləşib.

Qeyd edək ki, İntizam Komitəsi mətbuat konfransına gəlməyən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevi cəzasız qoyub.