Aleksey Mixayliçenko “Neftçi”ni Azərbaycan yığması saydı
22.05.2013 - 14:00
Aleksey Mixayliçenko “Neftçi”ni Azərbaycan yığması saydı
Ukraynanın məşhur futbolçularından Aleksey Mixaylliçenko tarixin yaddaşına köçən SSRİ çempionatına qiymət verib. Apasport.az saytının məlumatına görə, hazırda idman direktoru olduğu Kiyev “Dinamo”sunda çıxışı ilə tanınan 49 yaşlı keçmiş yarımmüdafiəçi “Neftçi”ni Azərbaycan yığması kimi qələmə verib.

Ukrayna milli komandasının da baş məşqçisi olmuş Mixayliçenkonun sözlərinə görə, SSRİ-yə daxil olan hər respublikanın, o cümlədən Azərbaycan özünəməxsus futbol məktəbi ilə seçilib: “Tiflis “Dinamo”su Gürcüstan, Minsk “Dinamo”su Belarus, “Neftçi” Azərbaycan, “Ararat” Ermənistan yığması idi. Hər turda müxtəlif üslublu məktəblər üzləşərək, mübarizə aparırdı. Bu komandalardan hər biri öz təkrarolunmaz dəst-xətti ilə seçilirdi. Axı SSRİ çempionatı İtaliyadan zəif deyildi, ancaq bu zaman legioner strukturu bağlı idi. Əgər praktiki olaraq hər respublikanın aparıcı komandası ən yaxşını göstərirdisə, əcnəbilər niyə lazım idi?”.