Yuri Syomin “Qəbələ” ilə anlaşıb, ilk açıqlamasını verdi
22.05.2013 - 16:29
Yuri Syomin “Qəbələ” ilə anlaşıb, ilk açıqlamasını verdi
“Azərbaycan haqda böyük məmnuniyyətlə fikirlərimi bölüşərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına açıqlamasında deyib.

Yeni komandası ilə bu gün “1+1” şərti ilə müqavilə imzalayan 66 yaşlı rusiyalı mütəxəssis anlaşması haqda hələ danışmağı məqsədəuyğun saymayıb.

Əvəzində Syomin ölkəmiz barədə ağızdolusu danışıb: “Bakıda qeyri-adi inkişaf gedir, şəhər təmizdir. Orada inkişaf etmiş güclü infrastruktur və gözəl arxitektura var. Belə demək olar ki, Birləşmiş Ərəb Əmirliklərinə oxşayan yeni paytaxt qurublar. Həmçinin, məndə kiçik kurort şəhəri olan Qəbələ güclü təəssürat oyatdı. Əla havası, rahat otelləri var”.

Syomin bir çoxları kimi, azərbaycanlıların qonaqpərvərliyindən də bəhs edib: “Əlbəttə, bunu qeyd etməyə bilmərəm. Azərbaycan xalqı çox mehriban, gülərüzdür. Moskvada çoxlu Azərbaycan vətəndaşı var. Onların çoxu ilə biz uzun müddətdir bir yerdə yaşayır, dostlaşırıq. Azərbaycanlılarla münasibətlər həmişə yaxşı olub və belə də olacaq. Elə mənim komandalarımdakı da çoxlu azərbaycanlı oğlanlar olub. Əla uşaqlardır!”

Qeyd edək ki, Syomin “Lokomotiv”, Kiyev “Dinamo”sunda əslən Azərbaycandan olan futbolçular Aleksandr Səmədov, Aleksandr Əliyevlə birgə işləyib.