Gökhan Güləç: Əlavə sözə ehtiyac yoxdu - MÜSAHİBƏ
27.05.2013 - 16:00
Gökhan Güləç: Əlavə sözə ehtiyac yoxdu - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın türkiyəli futbolçusu Gökhan Güləçin apasport.az saytına müsahibəsi

- Komandanızın səhər məşqini zədəli halda başa vurdunuz. Nə baş verdi?
- Adi məşq epizodu idi. Sağ ayağımın yuxarı hissəsindən xəsarət aldım. Həkimlər dərhal həmin yerə buz qoydular.

- “Neftçi” ilə sabah keçiriləcək final matçında oynaya biləcəksiniz?
- Hələ bəlli deyil.

- İlk dəfə iştirakçısı olduğunuz Azərbaycan kubokunun finalından nə gözləyirsiniz?
- Bu, mövsümün son matçıdır. Azərbaycan kubokunu qazanmaq üçün finalda qalib gəlməliyik. İnşallah, istəyimizə çatarıq.

- Türkiyədə kubokun finalı ilə bağlı düşüncələriniz necədir?
- “Beşiktaş”da çıxış etdiyim zaman 2 dəfə üst-üstə final oynadıq və qazandıq. Bunun Azərbaycanda davamının gəlməyini istərdim. İnşallah, “Neftçi” ilə yaxşı bir oyunumuz olar.

- Rəqibi necə dəyərləndirərdiniz?
- Yaxşı komandadır. Onsuz da çempiondurlar. Ancaq final oyununun necə nəticələnəcəyi bəlli deyil. Biz də yaxşı hazırlaşmışıq. İnşallah, finalda qalib gələrik.

- Bu ildən “Xəzər Lənkəran”da oynayırsınız. Karyeranızdan nə dərəcədə razısınız?
- Təbii ki, buraya alışmaq bir az çətin oldu. Ancaq indi uyğunlaşmışıq və bundan sonra daha yaxşı olar.

- “Xəzər Lənkəran”da qalmaq perspektivini necə görürsünüz?
- Hələ bəlli deyil.

- Baş məşqçiniz Con Toşak sizin kimi “Beşiktaş”da olub, onunla kubok qazanıb. Onunla bağlı düşüncələriniz necədir?
- Vallah, Toşak haqda danışmağa gərək yoxdur. Onsuz da karyerası göz qabağındadır, özünü isbatlamış bir məşqçidir. “Real”ı 1 dəfə yox, 2 dəfə çalışdırıb. Yəni Toşakın çox zəngin karyerası olduğundan, bizim əlavə söz deməyimizə ehtiyac yoxdu. Mən də onun kimi baş məşqçinin rəhbərliyi altında çıxışımı davam etdirib, uğurlu oynamaq istəyirəm.

Mehman SÜLEYMANOV