“Güloğlan Cabbarov qabaqda hamını vura-vura gəlirdi”
29.05.2013 - 10:55
“Güloğlan Cabbarov qabaqda hamını vura-vura gəlirdi”
“Matç bitdikdən sonra futbolçularımız meydanın mərkəzində idilər. Baş məşqçimiz Con Toşak “Neftçi” futbolçularının qərarlaşdığı tərəfə gedib, Saşa Stamenkoviçlə nəsə danışıb geri dönürdü. Bu zaman qarşı tərəf reklam bannerlərini aşıb meydana axışdı”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Ölkə kubokunun finalında keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçı insidentlə başa çatdı. Belə ki, hakimin final fitindən sonra futbolçulara arasında əlbəyaxa döyüş başladı. Həmin an meydanda olan Cəbrayıloğlu bildirib ki, bütün günah “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarovdadır: “Mən bir klubda bu qədər mühafizəçinin olduğunu bilməzdim. “Neftçi”nin idman direktoru Güloğlan Cabbarov isə qabaqda hamını vura-vura gəlirdi. Qabağına kim çıxdı yumruq təpik atırdı. Bu mediada yayılan şəkillərdə də var. Ən son da gənc futbolçumuz, Azərbaycan millisinin üzvü Kamran Abdullazadəni qanına qəltan etdi”.

“Xəzər Lənkəran” rəsmisi Cabbarovun hərəkətlərini biabırçılıq adlandırıb: “Bir klubun idman direktoru son 2 il ərzində dəfələrlə başqa klubun futbolçularını döyməsi ilə gündəmə gəlirsə, bu, əsl biabırçılıqdır. Əgər “ Neftçi “klubunun rəhbərliyi bu məsələyə indiyə qədər göz yumursa, bu da növbəti biabırçılıqdır. Mən elə meydandaca PFL prezidenti Ramin Musayev və daha sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova etirazımı şəxsən bildirdim. Onlara dedim ki, Güloğlan Cabbarovun qarşısını almasanız, ədalət deyilən bir şeydən danışmayın”.