Danimarka Gürcüstana, Uruqvay Fransaya qalib gəldi
06.06.2013 - 03:00
Danimarka Gürcüstana, Uruqvay Fransaya qalib gəldi
DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq məqsədi ilə bir neçə komanda yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, keçirilən 2 oyunda qapılara 4 qol vurulub.

Danimarka millisi doğma publika önündə Gürcüstan yığmasını qəbul edib. Fasiləyə qədər tərəflər fərqlənə bilməyiblər. İkinci hissənin əvvəlində isə qonaqlar hesabı açıb. İrakli Dzariya komandasını önə çıxarıb. Lakin matçın başa çatmasına 13 dəqiqə qalmış danimarkalılar meydanda əzmkarlıq nümayiş etdirərək, hesabı öz xeyirlərinə dəyişməyi bacarıb. Belə ki, əvvəlcə Niklas Pedersen hesaba tarazlıq gətirib. 89-cu dəqiqədə isə Kristian Eriksen ev sahiblərinin qələbə qoluna imza atıb - 2:1.

Digər görüşdə isə Uruqvay yığması ilə Fransa millisi münasibətlərinə aydınlıq gətirib. Montevideonun “Sentenario” stadionunda baş tutan matçın taleyini bir qol həll edib. Qarşılaşmanın 50-ci dəqiqəsində “Liverpul”un hücumçusu Luis Suaresin vurduğu tək qol Cənubi Amerika təmsilçilərinə qələbə gətirib.

Qeyd edək ki, Suares meydana oyunun 46-cı dəqiqəsində daxil olub. O, komandanın digər forvardı Dieqo Forlanla əvəzlənib.

Yoldaşlıq oyunları
5 iyun

Danimarka – Gürcüstan – 2:1
Pedersen, 77, Eriksen, 89 - Dzariya, 52

Uruqvay – Fransa – 1:0
Suares, 50