Elvin Məmişzadə: Mən də Avropa çempionu olmaq istəyirəm
06.06.2013 - 14:09
Elvin Məmişzadə: Mən də Avropa çempionu olmaq istəyirəm
“Onun döyüşməyi sevən idmançı olduğunu bilirdim. Üzərimə gələcəyindən əmin idim. Ona görə də əks-hücum taktikası seçib, rəqibi zərbələrlə qarşıladım. Deyəsən, bu pis alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu Belarusda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanan Azərbaycan boksçusu Elvin Məmişzadə deyib.

52 kq çəki dərəcəsində döyüşən həmyerlimiz yarışın 1/4 final mərhələsində Macarıstan idmançısı Norbert Kaluza ilə görüşünü şərh edib.

Məmişzadə bildirib ki, mərhələ adlamaq heç də asan olmayıb: “Etiraf edim ki, 3-cü raundda bir qədər yorğunluq oldu. Çünki 9 dəqiqə bu cür taktika ilə eyni tempdə döyüşmək asan deyil”.

Yarımfinala vəsiqə qazanan idmançımız bu nəticənin onun üçün maksimum olmadığını da söyləyib. 2010-cu ildə Moskvada keçirilən qitə çempionatında gümüş medal qazanan Məmişzadə bu dəfə qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: “Yarımfinalda Uels boksçusu Endryu Selbi ilə görüşəcəm. O, Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısıdır. 2011-ci ildə Avropa çempionu olub. Yəni sıradan, adi rəqib deyil. Buna baxmayaraq, mən də Avropa çempionu olmaq istəyirəm. Karyeramda qitə çempionatının gümüş medalı var. İndi artıq çempion olmaq vaxtıdır”.