“İlk “altılıq” klubundan 2 real təklif almışam” - MÜSAHİBƏ
06.06.2013 - 17:17
“İlk “altılıq” klubundan  2 real təklif almışam” -  MÜSAHİBƏ
“Rəvan”ın futbolçusu Mindauqas Kalonas Litva mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, 29 yaşlı legioner millisinin Yunanıstanla rəsmi oyunu öncəsi Azərbaycan karyerası haqda danışıb.

- Qışda “Rəvan”dan təklif alarkən ora keçməyə tərəddüd etdiniz? Çünki onsuz da komanda turnir cədvəlinin aşağı hissələrində mübarizə aparırdı.
- Bir az qeyri-müəyyənlik oldu. Ancaq dostlarla, futboldan tanıdığım insanlarla məsləhətləşdikdən sonra ora getməyə qərar verdim. İndi isə deyə bilərəm ki, seçimimdə səhvə yol verməmişəm. Hər şey yaxşı alındı.

- Cənub komandaları bəzən hoqqabaz olurlar. Bütün pulunuz ödənilib?
- Qazandığım maaş dəyişməzdir. Söz verdikləri pulun hamısını almışam. Bəzi klublarda maaşlar 2 ay gecikə bilər. Ancaq mövsümün sonunda oyunçular bütün pullarını ala bilirlər.

- Bundan əvvəl karyera və həyatınızda çətin anlar idi. Sizə dirçəlməyə nə kömək etdi?
- Yaxın dostlar. Saulyus Mikolyunas və Paulyus Paknis (“İnter” və “Simurq”un sabiq müdafiəçisi – red.) mənə Azərbaycanda komanda tapmağa çox kömək etdi. Fiziki hazırlıq üzrə məşqçi Qediminas Adomaytis məni həyata yenidən qaytardı və futbol döyüşünə hazırladı. Valideynlərim, ailəm də mənə az kömək olmadı. Həmişə onların dəstəyini və inamını hiss etdim.

- İlk 6 ay ərzində “Rəvan”ın liderinə çevrildiniz. Sonra nə etmək fikriniz var?
- Klubla dekabradək müqaviləm var. Bununla belə, klubdan ayrıla da bilərəm. Çünki başqa təkliflərim var. İlk “altılıq” klubundan 2 konkret təklif almışam. Xaricdən digər klublar da mənə dəvət göndərib, ancaq mən Azərbaycanda qalmaq istəyirəm.

- Azərbaycan xoşunuza gəlib?
- Bəli. Orda futbola marağın səviyyəsi ildən-ilə yüksəlir. Çoxlu maliyyə yatırılır, infrastruktur yaxşılaşdırılır. Şərtlər digər ölkələrdəkindən yaxşıdır.

- Bakıda yüksək səviyyəli həyat var?
- Bu, sənin necə yaşamağından asılıdır. Ancaq Bakı kifayət qədər bahalı şəhərdir. Yaşayış qiymətləri orda Litvadakından 2 dəfə çoxdur.

- Bəs azərbaycanlılar haqda nə deyə bilərsiniz?
- Mehribandırlar. Onlarla dostluq etsəniz, əhatə dairəsinə düşməyə çalışın. Çünki xeyirxah və məsuliyyətli insanlardır. Əlbəttə, orda da pis insanlar var. Ancaq pislər də yaxşılar içində yoxa çıxıb. Yəni, yalançı və dələduzlar sifətlərini itirib.

- “Rəvan” yazda yalnız 7-12-ci yerlər uğrunda oynadı. Bundan yüksəyə qalxa bilməyəcəyinizi bildiyiniz halda, necə motivasiya tapa bilirdiniz?
- Bunu məndən Azərbaycanda da soruşublar. Fikrimcə, futbolçu səviyyəsini göstərmək üçün hər bir oyuna köklənə bilməlidir. Bu, idmançının çörəyidir. Əgər siz ilk “altılıq”da yer tuta bilməmisinizsə, onda ikinci “altılıq” üçün mübarizə aparmalısınız. Bundan başqa, motivasiya bonus qazandırır, çünki hər qələbəyə görə lazımi pul mükafatı verilir.

- Hansı komandanı yüksək səviyyəli adlandırmaq olar?
- Mənim üçün müqayisə aparmaq çətindir. Azərbaycanda 3-4 yüksək səviyyəli klub var. Ancaq ikinci “altılıq”dakı komandalar da o qədər zəif deyil. Məntiqlə hərəkət edib yaxşı formada olan komandaya keçmək olar.

- Sizin komandanızın oyunlarına neçə adam gəlir?
- “Rəvan”ın oyununa xüsusi baxan olmur. Stadionumuz 1000-1500 azarkeşlikdir. Ancaq “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz sonuncu görüşdə 6000 azarkeş vardı. Növbəti mövsümdən hər şey dəyişəcək. Çempionat yeni qaydada keçiriləcək. 10 komanda 4 dövrəli sistem üzrə mübarizə aparacaq. Bu təkcə komandaların motivasiyasını yüksəltməyə yox, publikanın marağını artırmağa hesablanıb.

- Bakıda Deyvidas Çesnauskis və Andryus Veliçka ilə bir çempionatda oynamısınız. Onlarla görüşürsünüz?
- Çesnauskislə tez-tez görüşmüşük, təxminən 2-3 dəfə. Veliçka ilə isə nadir hallarda görüşürük. O, Bakıdan təxminən 40 km aralıda olan qəsəbədə (Şüvəlanda – red.) qalır.