Mahir Şükürov: Mənim üzərimə çox iş düşür - MÜSAHİBƏ
07.06.2013 - 09:48
Mahir Şükürov: Mənim üzərimə çox iş düşür - MÜSAHİBƏ
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Milli bu gün Lüksemburqla vacib oyuna çıxacaq. Məğlub edə biləcəyimiz komandaya qarşı hazırlıq necə keçdi?
- Ciddi hazırlaşmışıq. Bilirik, hamı bizdən qələbə gözləyir. Məsuliyyəti başa düşürük. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Hər oyundan əvvəl qələbə qazanacaqlarını deyən futbolçular sonda bunu bacarmırlar. Yenə həmin tendensiyadır. Necə düşünürsüz, verdiyiniz sözə əməl edə biləcəksinizmi?
- Qrup görüşlərinin əksəriyyətini səfərdə keçirmişik. Bakıda yalnız Portuqaliyaya uduzmuşuq. Lüksemburq məğlub edə biləcəyimiz komandadır.

- Lüksemburqla səfərdəki oyunda iştirak etmisiniz və rəqib haqda təsəvvürünüz var. Onların əsas gücü nədədir?
- Həmin qarşılaşmada müdafiəyə çəkildilər. Düşünürəm ki, bu gün də qapalı oyuna üstünlük verəcəklər. Açıq futbol oynamalarına inanmıram.

- Baş məşqçi Berti Foqts Lüksemburqla görüşdə hücumları cinahdan quracağını deyib. Belədə sizin üzərinizə daha çox iş düşəcək...
- Mənim bütün oyunlarda üzərimə çox iş düşür. Bilirəm ki, Lüksemburqla qarşılaşmada da işim çox olacaq. Ona görə də əlavə məşqlər edib, daha yaxşı hazırlaşmışam. Üzərimə düşən işin öhdəsindən artıqlaması ilə gəlməyə çalışacam.

- Azarkeşlərin yığmadan ancaq qələbə gözlədiyini bilirsiz?
- Onların nə istədiyini bilirik. Azarkeşləri stadiona dəvət edirik. Gəlsinlər, bizi dəstəkləsinlər. Çalışacağıq ki, qələbə qazanıb, onları sevindirək.

- Oyunla bağlı proqnoz verə bilərsiniz?
- Proqnoz verməyi xoşlamıram. Ancaq qələbə qazanacağımıza inanıram.

- Yığma ilk dəfə “Bakcell Arena”da çıxış edəcək. Bu stadionun üstünlüyü nədir?
- Tribunalar meydana daha yaxındır. Azarkeşləri səs daha çox təsir edir. Bu da rəqib üzərində müəyyən təzyiq yarada bilər.