“Petrolul” Nəzirini qovdu
07.06.2013 - 10:00
“Petrolul” Nəzirini qovdu
“Pertolul” Azərbaycan millisinin futbolçusu Elhad Nəzirini transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, Rumıniya təmsilçisi qış fasiləsində Moldovanın “Milsami” klubundan alıb, 3,5 il müddətinə müqavilə imzaladığı müdafiəçinin xidmətində daha maraqlı deyil.

Bununla da, mövsümü bürünc medalçı və ölkə kubokunun qalibi kimi başa vuran komandada cəmi 1 oyun, 17 dəqiqə keçirən Nəzirinin özünə yeni məkan axtarmaqdan başqa çarəsi qalmır. Hər halda, baş məşqçi Kosmin Kontranın daha çox ehtiyatda saxladığı futbolçunu növbəti mövsümdə sərəncamında görmək istəməyəcəyi gözlənilən idi.

Bu arada Moldova mətbuatı da “apasport”un üzə çıxardığı fakta, Elhadın təvəllüdünü saxtalaşdırmasına birmənalı yanaşmayıb.

Belə ki, “moldfootball.com” saytı Nəziri barədə xəbərə “Milsami”nin ziddiyyətli keçmiş oyunçusu “Petrolul”dan gedəcək” sərlövhəsini qoyublar: “Az tanınan azərbaycanlı futbolçu yetərincə ziddiyyətli sayılır. O, “Milsami”də cəmi 6 oyun keçirməyinə baxmayaraq, Azərbaycan yığmasına dəvət aldı.

Qışda isə Rumıniya çempionatının liderlərindən olan “Petrolul”la 3,5 illik müqavilə imzaladı. Artıq transferdən sonra Azərbaycan və Rumıniya mətbuatı aydınlaşdırdı ki, Elhadın əsl soyadı Əhmədovdur. O, pasportunda yazdığı tarixdən (1992-ci il 29 dekabr) demək olar 3 il əvvəl (1990-cı il 8 yanvar) anadan olub”.