Azərbaycan çempionu: Qardaşımın “Real”a keçidi yalandır
07.06.2013 - 11:36
Azərbaycan çempionu: Qardaşımın “Real”a keçidi yalandır
Azərbaycan milli çempionatının bombardiri olmuş Valter Quqlemon futbolçu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu agentlik fəaliyyəti ilə məşğuldur.

“İnter” və “Neftçi”də çıxış etmiş Quqlemon tanınmış qardaşı, “Napoli”nin hücumçusu Edinson Kavaninin menecerlərindən biri sayılır.

Valterin sözlərinə görə, bir sıra güclü klubların maraq dairəsində olan 26 yaşlı Kavaninin bu yay Neapol təmsilçisində qalmağı yetərincə realdır: “İşlərin hazırkı gedişinə əsasən deyə bilərəm ki, hələ “Napoli”də oynayacaq. Əks halda, yalnız böyük klubda çıxış edəcək. Hazırda isə qardaşım klubunda xoşbəxtdir. Növbəti ildə yenidən Çempionlar Liqasında oynayacağından çox razıdır. Kavaninin “Real”la heç bir danışığı olmadığından, keçidi haqda deyilənlər qətiyyən həqiqətəuyğun deyil”.

Hücumçular yalnız ana tərəfdən qardaş, ataları ayrı olduğu üçün soyadları da fərqlidir.

Qeyd edək ki, Valter 2008/09 mövsümündə vurduğu 17 qolla çempionatımızın ən sərrast oyunçusu olub. Çempionatımızda çıxış etdiyi 30 qolla ən məhsuldar legionerlər arasında olan Quqlemon “İnter”lə qızıl və gümüş medallar qazanıb.