“Bakı”ya elə bir məşqçi gəlir ki... - FOTO
07.06.2013 - 16:55
“Bakı”ya elə bir məşqçi gəlir ki... - FOTO
“Bakı” rəhbərliyi boş qalan baş məşqçi postuna yeni təyinatı gerçəkləşdirmək üzrədi. Apasport.az saytının məlumatına görə, “Vilyarreal”ın 43 yaşlı sabiq çalışdırıcısı Joze Molinanın da namizədliyini nəzərdən keçirən “zolaqlılar” seçimini Madrid “Atletiko”sunun sabiq baş məşqçisi Radimir Antiçə edəcəyi gözlənilir.

Belə ki, məsələsi 90 faiz həll edilmiş sayılan 64 yaşlı serbiyalı mütəxəssislə həftəsonuna kimi müqavilə imzalana bilər. 2008-2010-cu illərdə milli komandasını çalışdıran Antiç bu ildən Çinin Superliqasında “Şandonq Lunen” klubuna rəhbərlik edir.

O, dünya futbol tarixinə İspaniyanın 3 nəhəngi – “Barselona”, “Real” və “Atletiko”nu baş məşqçisi olmuş yeganə mütəxəssis kimi düşüb. Ancaq uğurları yalnız “Atletiko” ilə bağlı olan Antiç 1996-cı ildə həm çempionluğu, həm də kuboku qazanmaqla “qızıl dubl” edib. Madridlilər ondan sonra artıq 17 ildir İspaniya çempionu ola bilmir.

“Bakı”nın prezidenti Hafiz Məmmədovun şəxsi dəvəti ilə gələrək, ölkəmizdə işgüzar səfərini davam etdirən “Atletiko”nun nümayəndə heyəti ilə görüşlərdə baş məşqçi və digər məsələlər müzakirə edilir. Belə ki, prezident Enriko Sereso başda olmaqla rəhbərlik “Bakı”nın bazası ilə yaxından tanış olaraq, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparır. Burada klubun istefaya göndərdiyi rəhbərlik strukturunda, idman direktoru postunda, menecment sahəsində və Futbol Akademiyasında da ispan mütəxəssislərin yer almağı müzakirə olunur.