“Bu, bütün komandaların yaşadığı problemdi” - MÜSAHİBƏ
07.06.2013 - 23:00
“Bu, bütün komandaların yaşadığı problemdi” - MÜSAHİBƏ
Bu gün Makedoniya ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin apasport.az saytına müsahibəsi

- Komandanın durumu haqda nə deyə bilərsiniz?
- Mayın 27-dən etibarən hazırlıq prosesinə başlamışıq. Bu da təxminən iki həftəyə yaxın vaxt deməkdir. Mövsümün sonunda futbolçular fiziki baxımdan heç də yaxşı vəziyyətdə olmurlar. Bu baxımdan bir qədər axsamalar var. Ancaq hazırlıq müddətində müəyyən qədər bunu aradan qaldırmağa çalışmışıq. İrəliləyiş var. İndi vəziyyət yaxşıdır.

- U-21-in əsas oyunçularından hesab edilən Araz Abdullayevlə Qara Qarayev əsas millinin düşərgəsindədir (müsahibə dünən götürülüb – red). Onların yoxluğu planlarınızı pozmur ki?
- İki əsas futbolçumuzun düşərgəmizdə olmaması və onların yerini doldurmaq bizim üçün asan deyil. Əgər onlar əsas millinin heyətində qısa müddətə meydana çıxsalar, və ya heç oynamasalar, bizə qoşulacaqlar. Hər iki futbolçunun yoxluğu U-21 üçün ciddi itki sayılsa da, onların əsas milliyə dəvət alması bizi sevindirir. Ümid edirəm ki, onlar əsas komandada özlərinə yer edə biləcəklər.

- Çempionat mayın 20-də başa çatıb. Rəsmi oyun isə iyunun 8-də olacaq. Təxminən üç həftəlik fasilə yaranıb. Bu müddət ərzində hansısa yoxlama oyunu keçirmək olmazdımı?
- Bu, bütün komandaların yaşadığı problemdi. Bizimlə yanaşı, Avropanın əksər ölkələrində də mövsüm bir müddətdir başa çatıb. Rəqibimiz olacaq Makedoniyada da vəziyyət belədir. Yerli klublardan biri ilə qarşılaşmaq istəsək də, buna nail ola bilmədik. Makedoniyada da vəziyyət eynidir. Razıyam ki, bu heç də optimal hazırlıq deyil.

- Son çempionatda hər komandanın heyətində 21 yaşadək futbolçu çıxış etdi. U-21-in baş məşqçisi olaraq bunun bəhrəsini görə bilirsinizmi?
- Ümid edirəm ki, bunun xeyri olub. Nəticəni rəsmi oyunlardakı hesablar ortaya çıxaracaq. Hər halda, onların Premyer Liqada oynamalarının müsbət təsiri var. Çünki Premyer Liqanın tələbləri tamam fərqlidir. Bu cür dəyişiklik təkcə bizdə deyil. Avropanın əksər ölkələrində belə qaydalar tətbiq edilir. Makedoniya kimi Avropanın qabaqcıl futbol ölkəsi hesab edilməyən ölkələrində gənc oyunçulara daha çox şans verirlər.

- Makedoniya ilə bağlı hansı məlumatlara sahibsiniz?
- Rəqib haqda məlumatımız var. Oyunlarının video yazısını izləmişik, analizlər aparmışıq. Topla yaxşı oynaya bilən və fiziki cəhətdən güclü olan futbolçulardan təşkil edilib. Onlara qarşı oynamaq çətin olacaq. Rəqibə hörmətimiz var, amma onlardan qorxmuruq.

- Oyun erkən başlayacaq və havanın isti olacağı istisna deyil. Bu futbolçulara mənfi təsir edə bilərmi?
- Biz məşqlərimizi oyunun başlayacağı saatda reallaşdırırıq. Buna görə də hava şəraitinin Makedoniya ilə müqayisədə bizim üçün daha əlverişli olacağını düşünürəm.

- “Qrup oyunlarına necə başlayırsansa, elə də başa vurursan” deyirlər. Seçmə mərhələdə ilk oyunumuz olduğundan nəticə bağlı nə düşünürsüz? Azarkeşləri stadiona dəvət etmək üçün nə kimi çağırış edə bilərsiniz?
- Bu deyim bizdə də var. Ancaq bununla razılaşmıram. Ötən seçmə mərhələyə böyükhesablı məğlubiyyətlərlə başladıq və bundan sonra özümüzü toparlaya bildik. Yekunda isə U-21-in tarixində ən yaxşı nəticələrdən birini əldə etdik. Azarkeşlərə gəldikdə, oyunun nəticəsini heç kim əvvəlcədən deyə bilməz. Ancaq uşaqlar əllərindən gələni edəcəklər və son dəqiqəyə qədər mübarizə aparacaqlar. Araz və Qaranın da bizə qoşulacağı təqdirdə komandamızdan daha çox müsbət nəticə gözləmək olar.