Birillik müqavilələr
08.06.2013 - 23:01
Birillik müqavilələr
Azərbaycan futbolu inkişaf edə, klublarımızdan biri Çempionlar Liqasının qrup mərhələsinə də düşə bilər, amma bizim peşəkar olmağımıza hələ bir əsr var. Əslində, peşəkarlığın prinsiplərini xırdalamaq fikrim yoxdu. Bu mənada klublarımızda nəyin çatışmadığını sadalasam, mövzudan yayınmış olaram. Sadəcə, bir məqam ətrafında fırlanıb klublarımızın inkişaf yolunu tuta bilməməyini xüsusi qabardacam.

Söhbət birillik müqavilələr və ya oyunçu satışından pul qazana bilməməyimizdən gedir. Hətta qazandığımız kiçik uğurlar belə marketinq və gələcək perspektiv sahəsində bizə fayda vermir. Hər dəfə mövsüm başa çatandan sonra aparıcı klublarımız Binə hava limanı gününə düşür. Komandanın yarısı düşərgəni tərk edir və nəticədə komanda qurmaq üçün yeni təyyarənin enişini gözləyirsən. Bunun da bir izahı var: klublar bir qədər səviyyəli oyunçularla uzunmüddətli müqavilə bağlaya bilmədiyindən nə onun satışından pul qazana bilir, nə də mövsüm bitən kimi futbolçu heyətdə qalır. Bir ucdan xərcləyən klublar axırda həm Əli aşından olur, həm Vəli. Vəziyyətdən çıxış yolu tapmaq üçün isə fikirləşmək belə istəmirlər...

Hər iki tərəfə sərf edən uğursuzluq layihəsi

Bəli, Vobay "Neftçi"dən getdi. Səbəbi isə APOEL-in bu futbolçuya daha sərfəli təkliflə müraciət etməsidi. Əslində, "Neftçi" başbilənləri Juliusun "Xəzər Lənkəran"a etdiklərini onların başına da gətirəcəyini əvvəlcədən bilməliydi. Peşəkar klub rənglərinə bağladığı futbolçuyla birillik anlaşmaz. Biz Avropanın aparıcı komandalarında belə halın şahidi olmuruq. Nə "böyük beşlik", nə "ikinci eşelon", nə də Rusiya və Türkiyə komandaları belə qələt edir. Ancaq Azərbaycanın komandaları futbolçulardan biratımlıq barıt kimi yararlanır.

Əslində, bu qısamüddətli müqavilələr həm klublarımıza, həm də onlarla anlaşan futbolçulara sərf edir. Klub fikirləşir ki, bu oyunçu ümidləri doğrultmasa, qarşıdakı illərdə ona məvacib ödəmək sərf etməz. Çünki klublarımız aldığı oyunçunun xeyir verib-verməyəcəyini müəyyənləşdirə bilmir. Belədə "yaxşı oynasa, qarşıdakı ildə müqaviləni yeniləyərəm, pis oynayar, çıxar gedər" deyib işə başlayırlar. Futbolçu da onsuz da müştərilərinin çox olduğunu düşünüb ehtiyatda qalmaması üçün birillik müqaviləni əks etdirən sənədin altına qol çəkir. Xüsusən də yerli futbolçularımız özlərinə əmin olmadığından qısamüddətli saziş bağlamağa maraqlı olur. Əks halda, pis oynayacağı təqdirdə ehtiyatda qalar, ya da yaxşı oynayacağı halda sərfəli təklifi əldən qaçırar. Çünki ümidləri doğruldacağı təqdirdə klubu onu satmayacaq, o da yüksək məvacib ödəməyə hazır olmayan komandaya keçməyəcək.

Bəli, buradan belə bir məntiqi çıxarırıq ki, bizim klublar futbolçular üçün etalon deyil. Üstəlik, tərəflər arasında qarşılıqlı inam yoxdu. Bu gün Vobayla "Neftçi" arasında sevdanın nakam olmasına səbəb də məhz bu amillərdi. Əslində, "Neftçi"ylə müqayisədə aradan çıxmaq istəyən futbolçulara həddini bildirmək məsələsində "Xəzər Lənkəran" daha peşəkardı. Vobay onlara heç nə qazandırmasa da, qaradərili futbolçu bir müddət süründü. Kamran Ağayevin də "Xəzər Lənkəran"dan canını güc-bəlayla qurtarması bu fəsildəndi. Qazandığı pulun arxasına keçmək istəyən və nəticədə aradan çıxmağı planlaşdıran Kamran Lənkəran rəhbərliyinin sərt reaksiyasıyla üzləşdi. "Nə yardan doyur, nə əldən qoyur" prinsipinə sadiq qalan cənublular hardasa peşəkar olduğunu sübut etdi.

Əlbəttə, "Xəzər Lənkəran"ın Vobay və Kamrandan pul qazana bilməməsi heç də yaxşı hal deyil. Ancaq biz elə bir futbol mühitində yaşayırıq ki, biri od olanda digəri su olmamalıdı. O da düzdü ki, bir futbolçu üçün 5 manat xərcləyib onu 3 manata satmağa da dəyməz. Ancaq Azərbaycanda heç bir komanda daxili bazardan alver etmək niyyətində olmur. Hamı birillik müqavilələrə üstünlük verdiyindən sabah kimlərinsə boşalacağını yaxşı bilib əlini cibinə salmır. Avropa komandaları isə oyunçu almaq üçün ümumiyyətlə, bizim çempionatlara boylanmır.

Hamıda eyni problem

Vobaydan söz düşmüşkən, syerra leoneli futbolçunu itirən "Neftçi" bu gedişlə Nikolas Kanaleslə də vidalaşmalı olacaq. Artıq özünü sübut edən və Azərbaycan səviyyəsini aşan çilili forvard qüvvəsini daha yüksək çempionatda və daha səviyyəli komandada sınamaq istəyir. Belə oyunçuları əldən buraxmaqla "Neftçi" həqiqətən də gücünün yarısını itirə bilər. Avropa Liqasında oynayan komandanın heyətində parlayan oyunçulardan pul çıxara bilməməsi kobud desək, rüsvayçılıqdı. Əvvəllər bizdə oynayan oyunçuların Avropaya yollanmamasını qapalılıq və uğursuzluqla əlaqələndirirdiksə, "Neftçi"nin zəncirləri qırması da heç nəyi dəyişmədi. Əksinə, bu komandada parlayan futbolçuların qısa zamanda aradan çıxmasını şərtləndirdi.

Elə digər komandalarımızda da vəziyyət acınacaqlıdı. Hər il "Simurq" heyətdən demək olar ki, 10-15 futbolçuyla yollarını ayırır. Bu gedişlə analoji proses sonsuzluğa qədər davam edəcək. Məsələ ondadı ki, bu yayda klublarımızdakı gediş-gəlişlər müəyyən mənada "kolxoz bazarı"nı xatırladacaq. "Qarabağ"ın Əfran İsmayılovla Vaqif Cavadovla heç nəsiz vidalaşması, "İnter"in İbrahim Niasse, Vladimir Levin və Nizami Hacıyevi itirməsi diqqət mərkəzinə düşdü. Maraqlıdı ki, çempionluğa iddialı olmayan və heç avrokuboklara vəsiqə qazanmayan komandalarımız bu mənada favoritlərdən daha peşəkardı.

Məsələn, AZAL Junior Nildonu "Xəzər Lənkəran"a pulla satdı. Baxmayaraq ki, onlar Zoahir Benuahinin müqaviləsinin yayda bitəcəyini bilə-bilə qışda onunla yenidən anlaşmadı və Lənkərana pulsuz yollanmasına şərait yaratdı. Bir neçə klubun hədəfində olan Mindauqas Kalonas da "Rəvan"dan qaçıb gedə bilmir. Litvalını rənglərinə bağlamaq istəyən komanda əziyyət çəkməli və əlini cibinə salmalıdı.

Bəli, göründüyü kimi, yaxşı futbol oynamaq və çempionluq uğrunda vuruşmaq peşəkarlıq demək deyil. Bizdə futbolçu - klub münasibətləri yanlış istiqamətdə hərəkət edir. Azərbaycanda oyunçu marketinqi düzgün bünövrəylə inşa edilməyib. Azərbaycan futbolunu bir binaya bənzətməli olsaq, bizdə futbolçuların onun içindəki pilləkənlə hərəkət etmədiyini və yalnız pəncərədən atıldığını görərik.