“Con Toşakın problemi odur ki...”
09.06.2013 - 23:01
“Con Toşakın problemi odur ki...”
21 yaşadək futbolçulardan ibarət Makedoniya millisinin baş məşqçisi Boban Babunskinin apasport.az saytına müsahibəsi

- Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk görüşünüzü Bakıda millimizə qarşı keçirdiniz. Tərəflər çox cəhd etsə də, qapılara yol tapmaq mümkün olmadı. Bu oyunla bağlı fikirlərinizi eşitmək istərdik.
- Səfər oyunu üçün 1 xal qazanmaq bizim üçün yaxşı nəticədir. Düzdür, qalib gəlmək şansımız da vardı. Bir neçə dəfə şanslarımızdan yararlana bilmədik. Oyunun ikinci yarısında isə qırmızı vərəqə almağımız bizə problem yaratdı. 20 dəqiqə azlıqda oynamaq çox çətin idi. Azərbaycan yığmasının baş məşqçisini təbrik edirəm. Çünki onun çox gözəl komandası var. Komandası topa sahib olma, hücumameyllilik və hərəkətlilikdə çox yaxşı təsir bağışladı. Düşünürəm ki, tək biz yox, başqa komandalar da Bakıya gələndə onlara burda oynamaq çətin olacaq. Güclü komandanız var. Səfərdən 1 xalla qayıtmağımız bizim üçün də yaxşı oldu. Çünki növbəti seçmə mərhələ oyunları üçün motivasiya əldə etdik.

- Sözlərinizdən belə çıxır ki, nəticənin oyuna görə olmadığını düşünürsünüz...
- Bəli. Yenə deyirəm ki, biz ikinci yarıda qol vura bilərdik. Azərbaycan yığması ilə müqayisədə bizim aşkar qol şanslarımız vardı. Bundan niyə yararlana bilmədik? Ola bilər ki, bəxtimiz gətirmədi və ya futbolçularım çox yorulmuşdu. Ancaq qeyd etməliyəm ki, Azərbaycan komandası da güclüdür. Onlar yaxşı müdafiə olunmağı bacarırdılar.

- Bu, sizin Bakıya 3-cü səfəriniz idi. İlk dəfə 2008-ci ildə “Rabotniçki”nin baş məşqçisi kimi bura gəlsəniz də, sərfəli nəticə ilə burdan qayıda bilməmişdiniz. Sonuncu dəfə isə 2011-ci ildə Makedoniyanın əsas yığması ilə bura gəlmişdiniz. Burdakı təəssüratlarınız necədir?
- Bəli, bir dəfə UEFA Çempionlar Liqası matçına görə bura gəlmişəm. Ancaq çox təəssüf ki, onda “İnter” səddini keçə bilməmişdik. Hesab 1:1 olduğundan, səfər qoluna görə sizin klub 2-ci mərhələyə adlamışdı. Sonrakı səfərim isə Makedoniyanın əsas yığmasında müvəqqəti baş məşqçi kimi oldu. Onda yoldaşlıq oyununda 1:0 hesabı ilə qalib gəldik. İndi isə U-21 ilə burdan yenidən sərfəli nəticə ilə geri dönürəm. Ona görə də bura mənim xoşuma gəlir (gülür).

- Maraqlıdır ki, Makedoniyanın əsas yığması ilə də məhz “Dalğa Arena”da uğur qazanmışdınız. Sizin üçün bu stadionu uğurlu adlandırmaq mümkündürmü?
- UEFA-dan xahiş edəcəyəm ki, bizim oyunları məhz bu stadiona salsınlar. Çünki bu stadion doğrudan da mənim üçün uğurludur.

- Makedoniya yığmasında Con Toşakın köməkçisi olmusunuz. Onun ölkəmizdə işləməsindən xəbəriniz varmı?
- 1 il onun köməkçisi olmuşam. Onun Azərbaycanda, “Xəzər Lənkəran”da işlədiyini bilirəm. Toşakın burda yeganə problemi odur ki, təyyarə ilə uzun məsafələrə gedə bilmir. Çünki o, İspaniyanın Barselona şəhərində yaşayır. Səfərlərə gedəndə onu sakitləşdirmək lazımdır (gülür).

Səbuhi TOFİQOĞLU