“İnter” ikiqat Rusiya çempionu ilə anlaşdı - FOTO
10.06.2013 - 12:34
“İnter” ikiqat Rusiya çempionu ilə anlaşdı - FOTO
Avropa Liqasında Azərbaycanı təmsil edəcək “İnter” daha bir gürcüstanlı futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bürünc medalçımız hücumçu Aleksandr İaşvilinin ardınca sol cinah müdafiəçisi David Kvirkveliyanı heyətinə qatıb.

“İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze millisinin 33 yaşlı futbolçusu ilə artıq razılığa gələrək, həmyerlisini axtardığı mövqeyə gətirib.

Belə ki, “İnter”ə son 3 ildə müdafiənin sol cinahının dəyişməz ismi olan Gürcüstan yığmasının digər futbolçusu İlya Kandelakinin gedişindən sonra ora futbolçu lazım idi. Gürcülər son 1 ili “Dila”da keçirərək, 18 oyunda 1 qol vuran Kvirkveliyanın isə təkcə komandasında yox, çempionatda da oyunu ilə seçildiyini bildirir.

Vətəni ilə yanaşı, xaricdə də top qovan David Rusiyada “Alaniya”, “Rubin”, “Anji”də, Ukraynada Zaporojye “Metallurq”unda, Yunanıstanda “Panionis”də, Kiprdə “Anortosis”də oynayıb. Tiflis “Dinamo”su ilə qızıl, bürünc medal qazanan, 2 dəfə ölkə kubokunu qazanan futbolçunun əsas uğurları Rusiya ilə bağlıdır. Belə ki, o, “Rubin”də 2 mövsüm dalbadal – 2008 və 2009-cu illərdə ölkə çempionu olub.