“Qarabağ”ın futbolçusu: Yaxşı hücumçuya ehtiyacımız var
10.06.2013 - 13:14
“Qarabağ”ın futbolçusu: Yaxşı hücumçuya ehtiyacımız var
“Qrupun ilk oyunları həmişə çətin olur. Qələbə qazanmaq üçün bacardığımızı etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) futbolçusu Qara Qarayev deyib.

2015-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirən U-21 makedoniyalı həmyaşıdları ilə “Dalğa Arena”da qolsuz heç-heçə edib. Nəticədə yığmamızdan qələbə gözləyən azarkeşlər 1 xala razılaşmalı olub.

“Qarabağ”da oynayan Qarayev nəticəni qənaətbəxş hesab edib: “Rəqib azlıqda qaldıqdan sonra təzyiqi artırsaq da, imkanları boşa verdik. Yeni qurulmuş komandayıq. Ötən illə müqayisədə 4-5 futbolçu komandanı tərk edib. Məncə, yeni komanda olaraq ilk oyunda pis nəticə əldə etmədik”.

Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacaqlarını deyən müdafiəçi eyni zamanda komandadakı boşluqlarla bağlı danışıb: “Çalışmalıyıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edək. Düşünürəm ki, yaxşı hücumçuya ehtiyacımız var”.