“Dinamo” “İnter”lə oynayası olmadı
10.06.2013 - 16:40
“Dinamo” “İnter”lə oynayası olmadı
Buxarest “Dinamo”sunun hazırlıq planlarında dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb 6 müxtəlif Anadolu komandasında çalışmış George Multseskunun Rumıniya klubuna yeni baş məşqçi kimi təyin olunmasıdır.

“Samsunspor”, “Ərciyəsspor”, “Adanaspor”, “Ankaragücü”, “Qaziantepspor” və “Kahramanmaraşspor”da müxtəlif vaxtlarda işləmiş 61 yaşlı rumıniyalı məşqçi “Dinamo”ya gələn kimi Avstriya hazırlığından imtina etmək qərarına gəlib. Əvəzində komanda iyunun 17-20-də Buxarest, iyunun 21-29-u Poyana-Braşov və iyulun 1-indən 13-dək isə İngiltərədə hazırlıq keçəcək. Bu isə o deməkdir ki, “İnter” “Dinamo” ilə Avstriyada yoxlama oyunu keçirə bilməyəcək.

Qeyd edək ki, “İnter” iyunun 14-dən 27-dək Zaltsburq şəhəri yaxınlığında toplanış keçəcək. Klubdan sınaqçı rəqiblərin ilk öncədən “Terek”, “Slaviya”, “Dinamo” və 2 Avstriya klubu olacağı deyilmişdi. Görünür, “bankirlər” məhz iyunun 22-də Buxarest klubunun yerinə “Krasnodar”la qüvvəsini sınamalı olacaq.