UEFA “Beşiktaş” və “Fənərbaxça”nı cəzalandırır
10.06.2013 - 19:51
UEFA “Beşiktaş” və “Fənərbaxça”nı cəzalandırır
UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”la bağlı iyunun 21-də, “Fənərbaxça” ilə bağlı isə iyunun 22-də qərar verəcək

UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı 1,5 ildir davam edən araşdırmalarını tamamlayıblar. APA-nın xəbərinə görə, araşdırmanın sonunda Türkiyənin iki böyük klubu – “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyelər UEFA-nın cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərilib.

Müfəttişlər “Fənərbaxça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər. Bundan başqa, “Fənərbaxça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması tələb edilib.

“Beşiktaş”a gəldikdə isə, bu klubun bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub.

UEFA Nizam-İntizam Komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbaxça ilə bağlı iclası da iyunun 22-nə təyin olunub.

Xatırladaq ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbaxça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilib. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.