“Sumqayıt” Raabın da gözündən düşdü
11.06.2013 - 11:00
“Sumqayıt” Raabın da gözündən düşdü
“Sumqayıt” rəhbərliyinin baş məşqçi Bernhard Raabla bağlı gözləmə mövqeyi başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, komanda almaniyalı mütəxəssislə müqavilənin müddətini uzatmaq istəsə də, vətənində olan 46 yaşlı çalışdırıcı yekun qərar verməyə tələsmir.

Belə ki, Raab “Sumqayıt”ın Topaz Premyer Liqasında qalacağı sual altında olduğu vaxtda, sona 3-4 tur qalmış futbolçularla vidalaşıb gedəcəyini və menecerinə yeni klubda çalışacağını söyləyib. Əldə etdiyimiz məlumata görə, Raabı narazı salan digər məqam isə bu komandada aldığı maaşın – 4 min manat - az olmasıdır.

“Sumqayıt” rəhbərliyi onunla bağlı mövsümün sonunda qərar çıxarmağı daha məqsədəuyğun sayıb. Komanda sonda qazandığı vacib xallarla güclülər dəstəsində qalandan sonra Raaba yeni müqavilə təklif edilib. Ancaq mütəxəssis Almaniyada 3 təklifinin olduğunu söyləməklə, seçim üçün 10 gün vaxt istəyibmiş.

Artıq vaxt-vədə yetişib və alman dəqiqliyini əsas götürən çalışdırıcı özü üçün ən sərfəlisini müəyyənləşdirib. Çox güman ki, Raabdan “yox” cavabı alacaq “Sumqayıt” yerli mütəxəssislə anlaşacaq.

Qeyd edək ki, “Sumqayıt” növbəti mövsümə hazırlığa iyulun 1-də başlamağı planlaşdırıb.