“Toşakın gəlişi ilə komandada nizam-intizam daha yaxşı oldu” - MÜSAHİBƏ
12.06.2013 - 11:41
“Toşakın gəlişi ilə komandada nizam-intizam daha yaxşı oldu” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın mərkəz müdafiəçisi Alvaro Silva İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı ispaniyalı futbolçu Marbelya şəhərində istirahətdə olarkən ölkəmizdəki 6 aylıq karyerasını vərəqləyib.

- Azərbaycanda oyun təcrübəniz gözəl alındı.
- Həqiqətən mən orda xoşbəxtəm. Başqa ölkəyə gedəndə uyğunlaşma müddəti keçməlisən. Artıq mən ora yüksək səviyyədə uyğunlaşmışam. Orda futbolun səviyyəsi İspaniyanın 2-ci dəstəsindən aşağı olsa da, rəqabəti artıran çox sayda yaxşı legionerlər var. Azərbaycanda bizdəki böhrandan yararlanırlar. Onlar çempionatlarına bizim ikinci dəstədən futbolçuları gətirir ki, biz də bu şanslardan yararlanırıq.

- Belə aydın olur ki, onlar rəqabəti artırmaq niyyətindədirlər.
- Bəli. Bu, onlarda pulun bolluğundandır. Bu ölkə inkişaf edir. Siz özünüz görürsünüz ki, “Atletiko”ya sponsorluq edirlər, ötən il Avroviziyanı keçirdilər. Onlar neft-qazdan gələn pulları yatırım edirlər.

- Son aylarda Con Bencamin Toşakın rəhbərliyi altında məşq etmisiniz. Bu futbol əfsanəsi haqda nə deyə bilərsiz?
- “Xəzər Lənkəran” ölkənin 3 aparıcı klubundan biridir. Toşak komandaya pis vaxt gəldi. O gələndə komanda 7-8-ci yerdə idi. Bizə şəxsiyyəti və xarakteri ilə örnək olacaq məşqçi lazım idi. O gələn kimi komandada nizam-intizam daha yaxşı qaydasına düşdü.

- Toşakın gəlişi ilə “Xəzər Lənkəran”ın adı İspaniyada daha çox çəkilməyə başladı...
- Komandaya gələndən sonra eşidirdim ki, ondan avtoqraf almaq istəyənlər var. Toşakın gəlişi ilə KİV-lərdə bizə də maraq oyandı.

- Mövsümü Azərbaycan Kubokunun final görüşü ilə başa vurdunuz. Bunu mövsümdə ən yaxşı oyununuz adlandırmaq olar?
- Həqiqətən belə idi. Biz kubok uğrunda mübarizədə son mərhələyə kimi çatdıq. Buna nail olmaq üçün gərgin məşq etdik. Finalda rəqibimiz artıq bunadək çempionluğu qazanmış “Neftçi” idi. Bununla da bizim finalçı kimi Avroliqaya vəsiqə qazanmağımız rəsmiləşmişdi. İndi isə istirahətə çox az vaxtımız var. Diqqətimizi Almaniya hazırlığına yönəltmişik. İlk oyunumuz iyulun əvvəlində olacağından hazırlıqlara tez başlamalıyıq. Artıq Avroliqanın ilkin təsnifat mərhələsinin oyunları üçün düşünürük.

- Onda hazırlığa nə vaxt başlayacaqsınız?
- İyunun 19-da Münxenə yollanacağıq. Avroliqaya hazırlıq məqsədilə orda təlim-məşq toplanışında olacağıq.

- Bəs klubunuz qarşısında Marbelya futbol mərkəzində hazırlıq keçmək təklifini irəli sürmədiniz ki?
- Onlar bu varianta qışda baxmağı düşünür. Bizim mövsümdə 2 dəfə toplanışımız olur. Növbəti istirahətə dekabrda buraxılacağıq və həmin vaxt İspaniyaya yollanmaq haqda danışılır.

- Hər halda sizin üçün evdə məşq etmək sevindirici olacaq.
- Bəli, bu mənim üçün çox xoş olacaq. Mən Marbelyaya gələnə kimi uzun müddət – 4 aydır ki, vətənimdə deyildim.

- Bu 4 ay sizin üçün çətin keçdi, elədir?
- Bəli, üstəlik son ayyarımı həyat yoldaşım və uşaqlarım olmadan keçirdim. Bu zaman mənə daha pis idi. Bundan başqa, İspaniyada qalan zamanı da ayrı olmuruq. Ancaq bəzən böhranı, ailə durumunu fikirləşib ağılla qərar qəbul etməli olursan.

- Sizin hələ 1 illik müqaviləniz var?
- Bəli. UEFA oyunlarından sonra müqaviləmə yenidən baxa bilərik. Hər halda 1 illik müqaviləm var. Mən orda xoşbəxtəm və anlaşma ilə üzərimə düşən öhdəlikləri yerinə yetirirəm.

- Azərbaycanda başqa ispaniyalı futbolçular var?
- “Xəzər Lənkəran”da mənimlə Toni Doblas ölkəmizi təmsil edirik. Başqa klublarda da 2 ispan futbolçu var. “Numansiya”da oynamış Mario Rubio hazırda “Bakı”da çıxış edir. AZAL-da isə sol cinah müdafiəçisi ispaniyalıdır (Xuan Fransiskonu nəzərdə tutur – red.)

- Bəs Azərbaycanda həyat tərzi necədir?
- Orda həyat çox fərqlidir. Əhalinin 90 faizi müsəlmandır, qalanları da digər dinlərə məxsusdur. Ancaq psixoloji cəhətdən tez uyğunlaşa bilirsən. Mənim ailəm də 100 faiz başqa ölkədə yaşamağa öyrəşib.

- Dil ilə bağlı məsələni necə yoluna qoyursunuz?
- Azərbaycanlılar rus və türk dillərində danışır. Bəzi sözləri artıq bilirəm, ancaq bunların sayı çox azdır (gülür).