Əli Gökdəmir İngiltərə klubuna qarşı oynayacaq
12.06.2013 - 18:01
Əli Gökdəmir İngiltərə klubuna qarşı oynayacaq
Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın yoxlama oyunlarındakı digər rəqiblərinin adlarına da aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyunun 25-dən Almaniyada hazırlıqlara başlayacaq Bundesliqa klubu PSV ilə yoxlama oyununa kimi 7 matç keçirəcək.

Belə ki, komanda hollandiyalılara qədər əsasən vətənində yarımhəvəskar komandalarla üz-üzə gələcək. Hannoverlilər iyunun 27-də “Berenbostel”, 29-da “Krehenvinkel Kaltenvayde”, 30-da “Şlezviq 06”, iyulun 3-də “Vayxe”, 6-da “Ramlingen-Ehlershauzen”, 9-da “Kuitt” və 11-də “Tselle” ilə gücünü sınayacaq.

“Hannover 96” iyulun 14-də isə öz stadionunda PSV ilə yoxlama oyunu keçirəcək. İyulun 17-dən 25-dək davam edəcək Avstriya toplanışı zamanı isə İngiltərənin “Vest Bromviç” klubu ilə görüş olacaq. Bu matç iyulun 18-də keçiriləcək.