Tacikistan futbolunda bir ilk yaşanacaq
12.06.2013 - 22:05
Tacikistan futbolunda bir ilk yaşanacaq
Tacikistan futbolunda bir ilk yaşanacaq. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin futbol federasiyası “Ravşan” – “İstiklal” matçını yerli hakimlərə tapşırmayacaq.

Belə ki, çempionatda 8 oyundan 8 qələbə qazanıb, 24 xalla ilk pillələrdə qərarlaşan bu komandaların görüşünü digər ölkənin hakimi idarə edəcək. Bu, ötən il Qırğızıstanda ilin ən yaxşı hakimi seçilən, FİFA referisi Dmitri Maşentsevdir. Onun köməkçiləri isə Sergey Qrişenko və Zamir Çinibekov olacaq.

Beləliklə, iyunun 15-də, Kulab şəhərində baş tutacaq oyunda, Tacikistanda ilk dəfə xarici hakim fit çalacaq.

Qeyd edək ki, 2010 və 2011-ci illərdə Tacikistan prezidenti İmamali Rahmanın oğlu Rustem Rahmanın da forma geyindiyi “İstiklal” ard-arda çempion olub. 2012-ci ildə isə bu ada “Ravşan” yiyələnib.