AZAL-a lazım olmayan hücumçu “Jalgiris”ə yollandı
13.06.2013 - 10:56
AZAL-a lazım olmayan hücumçu “Jalgiris”ə yollandı
AZAL-ın yollarını ayırdığı Andryus Veliçka karyerasını ölkəsi Litvada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçunun xidmətində son Litva kubokunun sahibi “Jalgiris” maraqlıdır.

Vilnüs klubunun idman direktoru Mindauqas Nikoliçyusun sportas.info saytına verdiyi açıqlamasında onun komandaya götürülməsinin polşalı baş məşqçi Marek Zubun qərarından asılı olduğunu bildirib: “Hələ onun bizimlə birgə olması o demək deyil ki, Andryus “Jalgiris”də qalacaq. O, komandanın yalnız 2 məşqində iştirak edib. Veliçkanın təcrübəsi var, yaxşı oyunçudur. Ən pis halda, litvalıdır. Biz onun indiki durumunu görməliyik. Marekin idmandan başı çıxır, onunla fərdi qaydada çalışacaq. Bundan sonra qərar verəcək ki, Veliçka bizə uyğundur, yoxsa yox. İstənilən halda, bizə təcrübəli yaşlı futbolçular lazımdır”.

Qeyd edək ki, ölkəsində “Kaunas” və “Ekranas”ın şərəfini qoruyan Veliçka Rusiyada “Anji”, Qazaxıstanda “İrtış”, Şotlandiyada “Harts”, “Reyncers”, “Aberdin”, Norveçdə “Vikinq” və İngiltərədə “Bristol Siti” klublarında oynayıb. Ötən ilə kimi Litva yığmasına da çağırılan Andryus AZAL-da 16 oyun keçirsə də, qol hesabını aça bilməyib.