Papen “Bakı”da: Hafiz Məmmədov zarafatla mənə dedi ki...
13.06.2013 - 12:39
Papen “Bakı”da: Hafiz Məmmədov zarafatla mənə dedi ki...
“Mən klub prezidenti Hafiz Məmmədovla ilk dəfə Litvada (“Ekranas”la oyun zamanı – red.) görüşmüşdüm. Onunla qısa söhbətimiz olmuşdu. Hətta zarafatla demişdi ki, gələcəkdə klubun idarəçiyi üçün səninlə əlaqə saxlaya bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın meneceri Vüqar Hüseynzadə Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində bildirib.

2011-ci ildən klubla əlaqə saxlayan Hüseynzadə ötən ilin noyabrından “Bakı”da çalışır. 22 yaşlı Vüqar dünyanın futbol sektorunda çalışan ən gənc menecer hesab olunur.

“Football Manager” oyunundakı biliyi sahəsində paytaxt klubunda işə başlayan Vüqar Jan-Pyer Papenin gəlişi ilə işinin məhdudlaşdırılacağını bildirib: “Papenə akademiya da daxil olmaqla, klubda bütün idarəçiliyi özündə cəmləşdirən yüksək vəzifə təklif olunub. Onun gəlişindən sonra isə yalnız ilk komandaya məsuliyyət daşıyacağam”.

Bojidar Bandoviçdən praktiki cəhətdən çox şey öyrəndiyini bildirən Hüseynzadə Con Toşakın kubokla oyundan sonra ona uğurlar arzuladığını bildirib: “Çox adam mənim üçün ilk mövsümün yaxşı keçdiyini desə də, bununla razılaşmıram. Mən Avroliqada oynayacağımızı gözləyirdim. Həqiqətən, buna yaxın idik. Çünki ölkə kubokunun yarımfinalında oynayırdıq. İlk oyunda 1:0 qalib gəlmişdik. Ancaq ikinci oyunda Toşakın komandasına 0:2 uduzduq. Bizim yaxşı komandamız, yaxşı oyunçularımız vardı. Çoxlu şanslarımız vardı, bunların 3-də qol vura bilərdik. Ancaq rəqibdə şanslar sayılabiləcək qədər idi. Oyundan sonra Toşakla mən görüşüb söhbətləşdik. Çox da olmasa, mənə uğurlar arzuladı”.

İsveç vətəndaşı olan Hüseynzadə qış fasiləsi zamanı etdiyi transferlərdən də danışıb: “Qış fasiləsi zamanı bir neçə transferim oldu. Onlardan biri xüsusən qeyd olunmalıdır. Bizə hücumçu lazım idi. “Football Manager” oyununu açaraq Rumıniya çempionatında çıxış edən futbolçulara baxdım və Marius Penanı tapdım. Onun çıxışı çox uğurlu alındı. İlk 7 oyununda 6 qol vurdu. Adətən futbolçu Avropadan uzaq olan Azərbaycan kimi ölkəyə gedəndə uyğunlaşmaya ehtiyacı olur. Çünki bu ölkə Avropa mentalitetindən və ənənələrindən çox uzaqdır. Ancaq Pena çıxışı ilə çoxlarını təəccübləndirdi. O, ilk oyunundan özünü çox yaxşı göstərdi. Təsəvvür edin ki, qış fasiləsi zamanı bizimlə heç təlim-məşq toplanışında olmamışdı. Pena çempionatın başlamasına 2-3 həftə qalmış komandaya qoşuldu və qollarını vurmağa başladı”.